Hicri-qəməri təqvimi ilə məhərrəm ayı bu gündən başlayır.
BAKU.NEWS xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə 1442-ci ilin məhərrəm ayının birinə təsadüf edir. Bir sıra ərəb dövlətlərində məhərrəm ayı rəsmi təqvim ilinin ilk ayı kimi nəzərdə tutulub. Bununla yanaşı bəzi ərəb və müsəlman ölkələrində Aşura faciəsini ehtiva etdiyinə görə məhərrəm ayı hüzn və əzadarlıq günləri kimi yaddaşlara həkk olunub. Azərbaycan da Aşura faciəsinin yaşadıldığı və onunla bağlı əzadarlığın keçirildiyi ikinci qism ölkələrdəndir.
Məhərrəm ayı gəldikdə Azərbaycanın əksər bölgələrində toy və şənliklər dayanır. İnsanlar zülm obrazı olan Yezid ibni Müaviyə tərəfindən şəhid edilmiş mübariz və dönməz İmam Hüseynə və onun faciəvi şəkildə qətlə yetirilən ailəsinə əza saxlayırlar. Azərbaycanda məhərrəm ayı gəldikdə bu əza və hüzn hissinin qeyri-inanclılarda da olması Aşura faciəsinin özəl dəyər olduğunu ortaya qoyur.
Bu il bir çox ölkələrdə koronavirus pandemiyasına görə məhərrəmliklə bağlı əzadarlıq mərasimləri məhdudlaşdırılmış formada kekiriləcəkdir. Dindarlar, inanclılar və İmam Hüseyni sevənlər bu əzadarlıq mərasimlərinə şövqlə getməyi istəsələr də pandemiya ilə bağlı səhiyyə qaydalarına riayət edir, bu ilin mərasimlərini lazımi və tələb olunan qaydada həyata keçirirlər.
Bəzi ölkələr isə əzadarlıq mərasimlərinin keçirilməsinə bir sıra şərtlərlə icazə veriblər. O cümlədən İran və İraqda üstü açıq məkanlarda, sosial məsafənin saxlanması və maskaların vurulması şərtilə mərasimlərin qısa bir zamanda keçirilməsinə icazə verilib.
Eləcə də Kərbəla şəhərində xüsusi məhdudiyyətlər tətbiq edilib. Hər il bu mərasimlər üçün milyonlarla insan Kərbəlaya axışdığı halda bu il əyalətin bütün girişləri iki həftə ərzində bağlı elan edilib və yalnız yerli əhalinin mərasimlərə məlum edilən qaydalarla qatılmasına icazə verilib. Onu da qeyd edək ki, koronavirus pandemiyasına görə bu ilin Aşura günündə ənənəvi hal almış qanvermə aksiyası da keçirilməyəcək.


