Bu gün aktyor, “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadənin ad günüdür.
BAKU.NEWS xəbər verir ki, Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda, ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin təhsil ocağını bitirib. İxtisası teatr rejissorudur.
1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olub. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkib və “Kirpi” satirik jurnalında çap olunub.
Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən “Qalereya” jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunda yarışlarında “Bakılı Oğlanlar” komandasında çıxışları olub.
Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub.
2006-cı ildən Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. “Qorod” jurnalının naşiridir.
Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında “Humay” milli mükafatına layiq görülüb.


