Məlum olduğu kimi, Möhtərəm Prezident cənab İlham Əliyev bir neçə gün öncə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda iştirak etmiş, beynəlxalq ictimaiyyəti maraqlandıran bir sıra əhəmiyyətli fikirlər səsləndirmişdir.
Forumun Azərbaycanın tarixi şəhəri olan Şuşada keçirilməsi bir daha bizlərə imkan yaratdı ki, qonaqlara Qarabağın tarixi Azərrbaycan torpağı olmasını nümayiş etdirək. Beynəlxalq əhəmiyyətli forumun keçirilməsində məqsəd, həm də qlobal media mühitinin inkişafı, müasir jurnalistika və informasiya texnologiyalarının rolu kimi mövzular ətrafında müzakirələr aparmaq idi. Ölkə başçısı forumun açılışında etdiyi çıxışında, Azərbaycanın son illərdə media sahəsində əldə etdiyi nailiyyətləri və həyata keçirdiyi islahatlara toxunmuşdur. Cənab prezident ölkədə söz azadlığının təmin edilməsi, media qurumlarının müstəqilliyinin artırılması və jurnalistlərin peşəkar fəaliyyətinə dəstək göstərilməsi istiqamətində atılan addımlardan bəhs etmişdir.
Cənab İlham Əliyev, həmçinin, Azərbaycanın müasir dövrdə dezinformasiya və yalan məlumatların ifşası istiqamətində apardığı mübarizədən bəhs etmi, bu kontekstdə medianın rolununun xüsusi çəkiyə malik olduğunu qeyd etmişdir. Sual-cavab şəklində reallaşdırılan dialoqda bir vaxtlar Ermənistan ilə olan münaqişə zamanı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün medianın necə istifadə edildiyi açıqlandı. Ölkə başçısı bu çərçivədə Azərbaycanın beynəlxalq səviyyədə apardığı informasiya kampaniyalarının əhəmiyyətini və uğurlarını vurğulamışdır.
Forum çərçivəsində keçirilən panel müzakirələrdə, müxtəlif ölkələrdən gələn media nümayəndələri və ekspertlər qlobal medianın hazırkı vəziyyəti və gələcək perspektivləri mövzusunda fikir mübadiləsi apardılar. Tədbirdə jurnalistika sahəsində yeni texnologiyaların tətbiqi, sosial medianın rolu və informasiyanın etibarlılığı məsələləri də müzakirə edildi.
Cənab Prezident İlham Əliyev forum çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirmiş, bu görüşlərdə, müxtəlif ölkələrin nümayəndələri ilə media sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib və Azərbaycanın bu sahədə beynəlxalq təcrübələri öyrənməyə və tətbiq etməyə hazır olduğunu bildirmişdir. Nəticə olaraq, 2-ci Şuşa Qlobal Media Forumu, qlobal media mühitində baş verən dəyişikliklərin və yeniliklərin müzakirə edilməsi üçün əhəmiyyətli bir platforma kimi qiymətləndirilir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin iştirak etdiyi bu Forum, Azərbaycanın media sahəsində atdığı addımları və gələcəkdə bu sahədə həyata keçirilməsi planlaşdırılan layihələrin təqdim edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Cəmaləddin Əsədov;
Neftçala rayonu, Şəhid atası


