Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rəsmi qurumlar hələ ki məlumatı təsdiqləməyib.
“RBK Ukraina”ya görə, Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsini Ukrayna Silahlı Qüvvələri vurub. Bu barədə media qurumuna Ukrayna Müdafiə Nazirliyindəki mənbə bildirib.
Qeyd olunub ki, təyyarə S-300 kompleksləri üçün raketlər daşıyıb.
Bundan başqa, Ukrayna tərəfinin yaydığı məlumata görə, təyyarə raketlə vurulub.
XXX
Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində hərbi-nəqliyyat təyyarəsinin vurulması faktını təsdiqləyib.
“Report” xəbər verir ki, təyyarənin göyərtəsinə dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.
Məlumata görə, əraziyə hərbi-kosmik xidmətin komissiyası cəlb olunub.
Hadisədən sonra Belqorod vilayətində raket hücumu ilə bağlı həyəcan siqnalı verilib. Vilayətin qubernatoru Vyaçeslav Qladkov əhaliyə çağırış da edib: “Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan, pəncərələrsiz otaqlarda sığınmaq lazımdır”.
Qubernator bayırda olan sakinlərə təhlükəsiz yerə keçməyi də tövsiyə edib.
Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərə açıqlamasında hadisənin araşdırılacağını deyib.


