Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvü, fəlsəfə doktoru, professor Əli Əhmodovun 70 yaşı tamam olur.
BAKU.NEWS xatırladır ki, Əli Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan SSR Basarkeçər rayonunun Dərə kəndində anadan olmuşdur. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirmişdir. 1 dərsliyin, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.
1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləmişdir.
2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Kavaler” ordeni ilə təltif olunmuşdur.
2013-cü yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
2023-cü yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif edilib.


