Bakının mərkəzi rayonuna İçərişəhər də daxil olacaq.
Bu barədə Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə məlumat verib.
O, bildirib ki, Bakının mərkəzi rayonunun yaradılması ilə bağlı təkliflər hazırlanaraq prezidentə təqdim edilib. Onun sözlərinə görə, pandemiyadan sonrakı dövrdə bu məsələ istiqamətində təkliflər üzərində işlərə başlanılacaq. E. Qasımzadə bildirib ki, Bakının mərkəzi rayonuna 4 rayonun ərazisi daxil olacaq: “Səbail, Yasamal, Nəsimi və bir qədər də Nərimanov rayonun ərazisindən Bakının mərkəzi rayonuna daxil olacaq. İçərişəhər də Bakının Mərkəzi rayonuna ərazi olaraq daxil olacaq. Amma onun idarəetməsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçiriləcək. Bulvar ərazisi də Bakının mərkəzi rayonun hüdudlarına salınacaq. Amma onun da bulvarın da idarəetməsi Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçiriləcək”.
Qeyd edək ki, keçən ilin mart ayında Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səsləndirilib. Hazırda bu istiqamətdə iş koronavirus pandemiyasına görə müvəqqəti təxirə düşüb.
/Sputnik.az/


