Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Ə.Əhmədov küçəsindəki çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumun mətbuat xidmətindən BAKU.NEWS-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, onaltımərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərməyən və təmirsiz qeyri-yaşayış obyektində baş vermiş yanğının binanın digər mərtəbələrinə keçmə riski yüksəkdir.
Yanğınsöndürənlərin həyata keçirdikləri operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində zirzəmidə yerləşən ümumi sahəsi 4 kvadratmetr olan gözətçi otağının yanar konstruksiyaları və ümumi sahəsi 120 kvadratmetr olan obyektdə müxtəlif tullantılar yanıb.
Obyekt və mənzillər yanğından mühafizə olunub, xəsarət alan olmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində sakinlərin təxliyəsi həyata keçirilib.


