Dostlar, bu gün sizə Bakıda Neftçilər prospektində tikilən yeni ticarət mərkəzi haqqında danışmaq istəyirəm.
Bu möhtəşəm layihə çox gözəl görünsə də, müəyyən problemləri də özü ilə gətirib. Gəlin bu məsələyə bir az urbanist baxışı ilə nəzər salaq. Çox güman hər axşam həmin ərazidə yaşanan tıxac problemini bir çoxları görüb və ya yaşayıb.
Tıxac və nəqliyyat problemləri:
Yeni ticarət mərkəzinin əsas girişi Neftçilər prospekti tərəfdən planlaşdırılıb. Bu, artıq çox sıx olan yolda nəqliyyatın daha da yüklənməsinə səbəb olacaq.
Kevin Lynch’in “The Image of the City” kitabında qeyd etdiyi kimi, şəhər planlaşdırmasında əsas məsələ insanlara rahat hərəkət imkanları yaratmaqdır. Lakin bu ticarət mərkəzi ilə bağlı vəziyyət daha çox tıxac və nəqliyyat problemləri yaradacaq.
Parkinq problemləri:
2000 avtomobillik (bəlkə də daha çox) parkinq sahəsi mövcuddur. Bu isə əraziyə daha çox avtomobil axınını stimullaşdırır.
Jane Jacobs’ın “The Death and Life of Great American Cities” kitabında vurğuladığı kimi, parkinq sahələrinin çox olması şəhər mərkəzlərində piyadaların az olmasına və şəhər həyatının zəifləməsinə səbəb olur. Burada da eyni vəziyyəti gözləmək olar.
Piyadalar üçün təhlükələr:
Ticarət mərkəzinə gedən piyadalar əsas yoldan keçməli olacaqlar. Bu isə onların təhlükəsizliyi üçün böyük risk yaradır. “Happy City” kitabının müəllifi Charles Montgomery, şəhər həyatında piyadaların təhlükəsizliyini və komfortunu təmin etmənin vacibliyini vurğulayır.
Bu yeni ticarət mərkəzi ilə bağlı vəziyyətdə isə piyadaların təhlükəsizliyi ciddi narahatlıq doğurur. Çünki ətrafda yalnız bir ədəd yeraltı piyada keçidi var. Çoxu isə maşınların arası ilə yolun əks istiqamətinə çıxmağa çalışır.
Səs və hava çirklənməsi:
Artan nəqliyyat ilə səs və hava çirklənməsi də artacaq. William H. Whyte’ın “The Social Life of Small Urban Spaces” kitabında qeyd etdiyi kimi, şəhər həyatının keyfiyyətini artırmaq üçün ətraf mühitin qorunması vacibdir. Lakin bu layihə ilə ətraf mühitə mənfi təsirlər qaçınılmaz olacaq.
Təkliflər
1. Alternativ giriş və çıxış Yolları: Ticarət mərkəzinə alternativ giriş və çıxış yolları yaradılmalıdır ki, Neftçilər prospektindəki nəqliyyat sıxlığı azalsın.
2. İctimai nəqliyyat imkanları: Ticarət mərkəzinə ictimai nəqliyyatın daha rahat və geniş istifadəsi üçün xüsusi marşrutlar planlaşdırılmalıdır.
3. Piyadalar üçün təhlükəsizlik: Piyadaların təhlükəsizliyi üçün piyada keçidləri və işarələr artırılmalı, səkilər genişləndirilməlidir.
4. Parkinqin optimizasiyası: Parkinq sahəsinin optimallaşdırılması və yükünün azaldılması üçün müxtəlif tədbirlər görülməlidir.
Tural Yusifov


