Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Türkiyənin Ankara Universitetinin rektoru Necdət Ünüvar və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzMİU-dan BAKU.NEWS-a bildirilib ki, görüşdə rektor Gülçöhrə Məmmədova Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu, rəhbərlik etdiyi universitetin Türkiyənin ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq etdiyini deyib. O, bu münasibətlərin daha da inkişaf edəcəyini, qarşılıqlı əlaqələrin genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Rektor Necdət Ünüvar təmsil etdiyi universitet barədə məlumat verib. Qonaq universitetlər arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində faydalı təkliflər səsləndirib. Həmçinin perspektivlər, birgə mühazirələrin, konfransların, layihələrin keçirilməsi haqqında fikir mübadiləsi aparıb.
Görüşdə təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyət haqqında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə tərəflər arasında təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə elmi-pedaqoji qrupların və tələbələrin mübadiləsi, əvvəlcədən razılaşdırılmış mövzu üzrə birgə elmi-tədqiqatların aparılması, birgə nəşrlər, elmi-texniki və metodiki layihələrin hazırlanması və s. nəzərdə tutulub.
Türkiyəli qonaqlar AzMİU-da Şəhidlər guşəsi ilə tanış olub, torpaqlarımız uğrunda canından keçən qəhrəman oğullarımıza ehtiramlarını bildiriblər.


