İki ay əvvəl vətəndaş tərəfindən verilmiş məlumat əsasında Babək rayonu ərazisində yaralı vəziyyətdə tapılan Bürkut (qızılı qartal) Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən mühafizəyə götürülərək baytar həkimin nəzarəti altında müalicə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aparılan müalicə tədbirləri nəticəsində tam sağalan qartal Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Ləkətağ kəndi yaxınlığındakı Kola adlanan dağlıq ərazidə təbii yaşayış arealına qaytarılıb.
Qeyd edək ki, Bürkut (qızılı qartal) Naxçıvan Muxtar Respublikasının fauna aləminə məxsus, Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş nadir və xüsusi mühafizə olunan yırtıcı quş növlərindən biridir. Bu növün təbii yaşayış mühitində qorunması biomüxtəlifliyin mühafizəsi və ekoloji tarazlığın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.



