Bu gün Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, həmçinin yüksək texnoloji və sənaye sahələrində də əməkdaşlıq imkanlarını özündə ehtiva edir.
Bu mənada müdafiə sənayesi sahəsində ixtisaslaşmış və dünyada ad-san qazanmış ölkələrlə qarşılıqlı əlaqələrin inkişafı xüsusilə diqqətəlayiq istiqamətlərdən biridir. Bildiyimiz kimi Azərbaycanın müdafiə sənayesi son illərdə milli texnoloji imkanlara əsaslanaraq böyük inkişaf yolu keçmiş, yüksək dəqiqlikli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları və digər müdafiə təyinatlı məhsulların istehsalı sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmişdir.
Faktdır ki, bu və digər istiqamətlərdə təcrübə mübadiləsi inkişaf və səmərəliliyin artmasına xidmət edən amillərdir. İxtisaslaşmış müəssisələrin yaradılması, texnologiya transferi, elmi-tədqiqat işlərinin aparılması müdafiə sənayesi sahəsində uzunmüddətli inikafın əsasını təşkil edən amillərdir. Əlbəttə ki, bu sahədə həyata keçirilən tədbirlər müdafiə məhsullarının istehsalı ilə məhdudlaşmamalı, həmçinin texnoparkların yaradılması, ixtisaslı kadr hazırlığı və yeni texnologiyaların tətbiqi sahələrini də əhatə etməlidir. Xüsusilə müasir dövrdə süni intellekt, robotlaşdırma, kibertəhlükəsizlik və digər yüksək texnoloji sahələrin müdafiə sənayesinə inteqrasiyası nəzərə alınmaqla, Azərbaycanın qarşısında geniş imkanlar mövcuddur.
Möhtərəm Prezident Müzəffər Ali Baş Komandan 3 noyabr 2025-ci il tarixdə Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirak edərək Azərbaycan alimləri qarşısında dərin məzmunlu nitq söylədi.
Cənab Prezidentin çıxışının bir hissəsi də texnoloji inkişaf və müdafiə sənayesi sahəsini əhatə edirdi. Məlum olduğu kimi dünyada və regionumuzda baş verən hadisələr ölkələrdən öz təhlükəsizlikləri üçün ciddi tədbirlər görülməsini tələb edir. Bu baxımdan həyata keçirilən tədbirlər, görülən işlər yalnız texnoloji inkişaf baxımından deyil, həm də strateji və regional təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Cavid Babayev;
Neftçala rayonu


