Bu gün Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub
Bu gün Azərbaycan Respublikası Müzəffər Prezident cənab İlham Əliyevin liderliyi ilə çoxşaxəli uğurlu xarici siyasət yürüdür. Ölkəmiz təkcə qonşuları və yerləşdiyi region ölkələri ilə deyil, daha geniş coğrafiyada əməkdaşlıq və inteqrasiyada maraqlı olduğunu əməli addımları ilə təsdiq edir.
Bu mənada Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək, inkişaf edir. Son illərdə dünyada, xüsusilə regionda yaşanan proseslər ölkələrdən daha sıx əməkdaşlıq etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu dinamika Azərbaycanın xarici siyasətində açıq şəkildə hiss olunur.
Möhtərəm Prezident cənab Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Bu gün ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Məlum olduğu kimi bu günlərdə Müstəqil Dövlətlər Birliyi dövlət başçıları şurasının Tacikistanın paytaxtı Düşənbədə növbəti görüşü baş tutdu. Görüşdə iştirak edən cənab İlham Əliyev önəmli görüşlər keçirməklə bərabər, çıxışlarında mühüm fikirlər səsləndirdi.
Məlum olduğu kimi Vətən Müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub.
Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında alternativsiz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.
İnanırıq ki, Mərkəzi Asiya ölkələrindən biri olan Tacikistanla da ölkəmiz arasında əməkdaşlıq getdikcə dərinləşəcək, bu da öz növbəsində regional inkişafa öz töhfəsini verəcəkdir.
Vüqar Aslanov;
Neftçala rayonu


