BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.
Bu barədə BAKU.NEWS-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar. ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.
Tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqadar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib.


