Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Baş katibinin bir neçə gün öncə Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərən hadisədir. Səfər çərçivəsində cənab İlham Əliyev və To Lam tərəfindən imzalanan sənədlər, xüsusilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat, münasibətləri yeni səviyyəyə qaldırır.
Bu razılaşmalar yaxın gələcəkdə konkret layihələrə çevriləcək və ticarət, iqtisadiyyat, təhsil, mədəniyyət, energetika və nəqliyyat sahələrində geniş əməkdaşlıq imkanları yaradacaqdır. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr bu sahədə əməkdaşlığın genişlənəcəyinə zəmin yaradır. Hazırda əməkdaşlıq əsasən ticarət formasındadır, lakin qarşılıqlı sərmayə qoyuluşu məsələləri də gündəmdədir. Hökumətlərarası Komissiyanın uzun fasilədən sonra yenidən toplanması bu prosesləri daha da sürətləndirəcək. Ticarət dövriyyəsi hazırda əsasən neft satışından asılıdır, lakin məqsəd daha balanslı və dayanıqlı iqtisadi əlaqələr qurmaqdır. Bunun üçün informasiya mübadiləsi, investisiya şəraiti vəqanunvericiliklə bağlı şəffaflıq önəmlidir. Qeyd edək ki, ali qonağın səfəri zamanı həmçinin, bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub.
Məlumdur ki, Azərbaycanın bərpaolunan enerji sahəsində geniş potensialı var və yaxın illərdə 6500 meqavat gücündə təmiz enerji istehsalı nəzərdə tutulur. Bu sahədə Vyetnam şirkətləri investisiyaya dəvət olunub, eyni zamanda Azərbaycan tərəfi də Vyetnamda sərmayəqoymağa hazırdır.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur — birgə müəssisələrin yaradılması qarşılıqlı fayda verə bilər. Bundan əlavə deyə bilərik ki, beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq yüksək səviyyədədir. Belə ki, Vyetnamın BMT Təhlükəsizlik Şurasında Azərbaycana dəstəyi və hər iki ölkənin Qoşulmama Hərəkatındakı fəal iştirakı bunu sübut edir. Ölkə başçılarının görüşü zamanı beynəlxalq hüququn aliliyi, ölkələrin ərazi bütövlüyü vəsuverenliyinə hörmət prinsipləri müzakirə olunub və bu mövzularda tam fikir birliyi mövcuddur.
Müzakirələr göstərdi ki, iki ölkə bir çox məsələlərdə vahid mövqedən çıxış edir.
Ruslan Süleymanlı;
Neftçala rayonu


