Azərbaycan və Qazaxıstan xalqlarının dostluq əlaqələrinin tarixi qədimdir. Müstəqilliyin bərpasından sonra da ölkələrimiz arasında münasibətlər həmişə isti və mehriban olub, xalqlarımız bir-birinə qarşılıqlı dəstək veriblər.
Azərbaycanla Qazaxıstan arasında sıx əlaqələr müstəqillik əldə etdikdən sonra hər iki ölkənin bir-birinin müstəqilliyini tanıması və diplomatik əlaqələr qurması ilə başlayıb. Onların möhkəmləndirilməsində ilk addımı Qazaxıstana rəsmi səfərə gedən ulu öndər Heydər Əliyev atmışdı və bu, sonradan iki qardaş xalq arasında ikitərəfli münasibətlərin inkişa-fında mühüm rol oynamışdı. 30 ildir ki, Azərbaycan və Qazaxıstan xalqları təkcə dostluğu qoruyub saxlamayıb, həm də ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə nail olublar.
Bu gün Prezident cənab İlham Əliyevin və Prezident cənab Qasım-Jomart Tokayevin səyləri nəticəsində bu əlaqələr daha da dərinləşərək strateji əməkdaşlıq, tərəfdaşlıq və qardaşlıq səviyyəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi işğalçılardan azad etmək üçün apardığımız mübarizədə Qazaxıstanın rolunu, əhəmiyyətini və mövqeyini xüsusilə vurğulamaq lazımdır. Qazaxıstanın, eləcə də ölkəmizin çoxsaylı həqiqi dostlarının obyektiv və balanslı mövqeyi Qarabağ münaqişəsində ədalətin qalib gəlməsinə kömək etdi. Hazırda ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlıq və inkişaf üçün böyük potensialı var. Ən əsası, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər təkcə regionumuzda sülh və sabitliyin deyil, həm də qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın nümunəsidir.
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Səfər zamanı imzalanmış aşağıdakı sənədləri xüsusi ilə qeyd etmək olar:
– “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”;
– “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”;
– “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”;
– “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı”;
– “Azərbaycan Respublikasının Hökuməti ilə Qazaxıstan Respublikasının Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”;
– “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”;
– “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
– “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu”.
Bu sənədlərin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir
Rüsxarə Atayeva
Göygöl şəhər 3 nömrəli tam orta məktəbin direktoru, şəhid ailəsi


