Sevindiricidir ki, Azərbaycan və Macarıstan arasında mövcud olan ikitərəfli münasibətlər strateji əməkdaşlıq ruhunda inkişaf edir və bu əməkdaşlıqda energetika sektoru mühüm yer tutur. Tarixi köklərlə bir-birinə bağlı olan bu ölkələr arasında ikitərəfli gündəlik yalnız siyasi dialoqla məhdudlaşmır, həm də iqtisadi və enerji sahələrində çoxşaxəli və dinamik tərəfdaşlığı əhatə edir. Bu baxımdan Azərbaycan-Macarıstan əlaqələri regionlararası enerji təhlükəsizliyi sistemində mühüm rol oynayır.
Məlumdur ki, Macarıstan şirkətləri Azərbaycanın ən iri neft və qaz layihələrində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidirlər. Bu iştirak bir tərəfdən Macarıstanın enerji təminatında təhlükəsizliyi gücləndirirsə, digər tərəfdən Azərbaycan üçün yeni investisiya və əməkdaşlıq imkanları yaradır.
Qeyd edək ki, 2023-cü ildən etibarən Azərbaycan Macarıstana təbii qaz ixracına başlamışdır. Azərbaycanın təbii qaz resurs bazası geniş və davamlı inkişaf edən potensiala malikdir. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir, onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolunun əhəmiyyətini bir daha sübut edir. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş kimi tanıyır.
Bununla yanaşı, Azərbaycan və Macarıstan arasında yaşıl enerji sahəsində də fəal əməkdaşlıq qurulmuşdur. Azərbaycanın qarşıdakı dövrdə həyata keçirməyi planlaşdırdığı böyükmiqyaslı yaşıl enerji layihələri bu sahədə tərəfdaşlıq üçün geniş imkanlar yaradır. Möhtərəm Prezident cənab İlham Əliyevin bu günlərdə Macarıstana baş tutan işgüzar səfəri, səfər əsnasında paytaxt Budapeştdə verilən bəyanatlar ikitərəfli münasibətlərin səviyyəsinə bir daha aydınlıq gətirir. Görünən odur ki, iki ölkə arasında münasibətlər durmadan inkişaf edir. Bu əməkdaşlıq Azərbaycanla Macarıstan arasında enerji sahəsində qarşılıqlı maraqlara və strateji baxışlara əsaslanan uzunmüddətli tərəfdaşlığın göstəricisidir. Bu, təkcə iki ölkə üçün deyil, həm də daha geniş regionda enerji təhlükəsizliyi və sabitliyi üçün mühüm töhfədir.
Şəfəq Balaşova;
Neftçala rayonu, müəllim


