Möhtərəm Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb.
Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin reallaşdırdığı layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açır. Möhtərəm Prezident cənab İlham Əliyev aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının açılış mərasimində iştirak edərək, ölkəmizin enerji siyasətinin əsas prinsiplərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Məhz Ölkə başçımızın təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir.
Bu da öz növbəsində Azərbaycanın layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Xüsusi qeyd edilməli məsələlərdən biri də son illər ölkəmizin bərpaolunan enerji siyasətidir. Belə ki, Azərbaycan yaşıl enerji sahəsində də iddialı planlar quraraq, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Tədbirdə dərin məzmunlu çıxış edən cənab Prezident Azərbaycanın enerji siyasəti və bu strategiyada yaşıl enerji amilinin yeri və rolun aydınlıq gətirdi. Ölkə başçısı bu gün “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və “Şahdəniz” kimi zəngin yataqların bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verdiyini vurğuladı. Dövlət başçısı onu da diqqətə çatdırdı ki, bir neçə ildən sonra bir çox digər zəngin neft-qaz yataqları da istismarına başlanacaqdır. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənubi Qafqaz Boru Kəməri bütün iştirakçılarla birlikdə görülmüş işlərin nəticəsidir. Cənab Prezident İlham Əliyev öz çıxışında hazırda Cənub Qaz Dəhlizinin 3 ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kəmərləri tam iş gücündə işlədiyini, eyni zamanda onların genişləndirilməsinin tələb olunduğunu qeyd etdi. Sevindiricidir ki, Azərbaycan bu gün Avropada, ümumiyyətlə, dünyada qaz ixrac edən ölkə olaraq tanınır.
Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə bu gün 8 Avropa Birliyi ölkəsini qazla təmin etməsi dövlətimizin iqtisadi potensialının əsas göstəricisidir. Bu gün Azərbaycanın enerji diplomatiyası, həm iqtisadi, həm də siyasi cəhətdən ölkəmiz üçün əhəmiyyətli bir vasitəyə çevrilib. Bu siyasət ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edir.
Aygün Abdullayeva;
Neftçala rayonu


