ABŞ prezidenti Cozef Bayden aprel ayının 24-də “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində baş verən hadisələri təhrif edərək böyük səhvə yol vermiş, güya ermənilərə qarşı “soyqırım” həyata keçirildiyini bildirmişdir.Bu aşkar surətdə ABŞ kimi qlobal məsuliyyəti olan dövlətin prezidentinin siyasi alətə çevrildiyini göstərir.
Hesab edirik ki, bu hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir. Tarixi faktlar qeyd olunan dövrdə Anadoluda heç bir soyqırım baş vermədiyini təsdiq edir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə “erməni soyqırımı”nın tanınması barədə qərar qəbul etməyib. Digər tərəfdən, bu addım ilk növbədə ABŞ-ın milli təhlükəsizliyinə və dövlət maraqlarına ziddir və bu hadisə ABŞ-ın öz müttəfiqləri qarşısında inamının itirilməsinə gətirib çıxara bilər. Belə ki, rəsmi Vaşinqton faktiki olaraq NATO üzrə müttəfiqi və regionda təhlükəsizliyə, sabitliyə töhfə verən Türkiyəyə qarşı tarixi haqsızlıq nümayiş etdirib. Bu da ilk növbədə iki ölkə arasındakı münasibətlərə xələl gətirə, ciddi problemlər yarada bilər. Hesab edirəm ki, siyasi nöqteyi-nəzərdən ABŞ prezidenti tərəfindən belə bir addımın atılması siyasi səhvdir.
Çünki indiyə qədər erməni lobbisinin bütün ciddi-cəhdlərinə baxmayaraq, ABŞ-ın dövlət başçıları təxminən 40 il ərzində “genosid” ifadəsini işlətməyib. Tarixi əsası olmayan qondarma “erməni soyqırımı” iddialarından istifadə edərək öz müttəfiqinə təzyiq göstərmək uğursuz addımdır. Görünür, son illərdə Türkiyənin regionda ardıcıl olaraq müstəqil siyasət yürütməsi və bölgədə nüfuzunun artması bəzi dairələri narahat edir. Buna görə də saxta iddialardan siyasi təzyiq kimi istifadə edilir. Ermənilərin “soyqırım” iddiaları “böyük ermənistan” yaratmaq xülyası ilə yaşayan avantürist erməni toplumunun qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, həmçinin XX əsrin əvvəllərində və sonunda Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı törətdikləri soyqırımı və terror siyasətinə bəraət qazandırmaq cəhdidir.
Əgər ABŞ dünyadakı soyqırım faktlarının aşkarlanaraq nəticələrindən dərs çıxarılmasında maraqlı olsaydı, ilk növbədə, ermənilərin Birinci Dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Şərqi Anadoluda və Cənubi Qafqazda törətdiyi soyqırımı zamanı yüz minlərlə türk, müsəlman və yəhudinin milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsini pisləyərdi. Çünki XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin qətlə yetirdiyi türklərin sayı yüz minlərlədir. Niyə ABŞ 1918-ci ilin 30 mart və 3 aprel tarxiləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğını tanımaq istəmir? Mart soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Erməni silahlı dəstələrinin törətdikləri soyqırımları, dinc əhaliyə qarşı etdikləri vəhşilikləri sadalamaqla bitirmək olmaz. Lakin bütün bu tarixi faktlara baxmayaraq, Amerika Birləşmiş Ştatları tərəfindən hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir. C.Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi həm onun özünün, həm də ABŞ-ın erməni lobbisinin təsiri altında olduğunu, özünü super dövlət adlandıran ABŞ-ın əslində hansısa maraqlı qüvvələrin əlində alətə çevrildiyini göstərdi. Bir qrup erməninin və ermənipərəstin girovuna çevrilmək, onların əlində oyuncaq olmaq isə nə ABŞ-a, nə də ABŞ prezidentinə yaraşır. Bu mənada belə bəyənatlar və qərarlar Ermənistanın özünə də bir fayda gətirməyəcək.
Çünki Ermənistanın indi yaşadığı böhrandan çıxış yolu, yeganə şansı qonşu dövlətlər, xüsusilə Türkiyə və Azərbaycanla normal münasibətlər qurmasındadır. Azərbaycan hər zaman qardaşı Türkiyənin yanındadır. Necə ki, 44 günlük Vətən müharibəsində birlikdə olduq, bundan sonra da fəaliyyətimiz Azərbaycan və Türkiyə Prezidentlərinin rəhbərliyi altında davam edəcək. Əminəm ki, qardaş Türkiyə gücü ilə bu hadisələrə də sinə gərəcək, haqq-ədalət öz yerini tapacaqdır.
Fəhmin Əsədullayev,
Neftçala rayon gənci


