Ermənistanın hərbi təcavüzü çərçivəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız haqlı olaraq şanlı tariximizin ən şərəfli dövrü olan 44 günlük Vətən Müharibəsi nəticəsində mənfur düşmən tapdağından azad olundu və parlaq Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu.
Zəfər marafonunun 24-cü günündə doğma Zəngilanımız da öz azadlığına qovuşan şəhərlər sırasına daxil oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Dövlət 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi artıq ikinci ildir ki, Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncama əsasən işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən M üharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başlatdığı hərbi əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə darmadağın olunması ilə nəticələndi.
Qeyd edək ki, hələ müharibənin ilk günlərində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Məhz oktyabr ayının 20-də Möhtərəm Prezident cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhəddi tam bərpa edildi. Qürurvericidir ki, bu gün Zəngilan özünün yeni inkişaf dövrünü yaşayır. Artıq Zəngilanda çox böyük yenidənqurma işləri görülüb və görülməkdədir. Diqqət yetirsək görərik ki, hazırda Zəngilandan keçən logistik layihələr xüsusi strateji əhəmiyyət kəsb edir.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolu azad edilmiş torpaqlara, həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün əhəmiyyətli rol oynayan layihələrdəndir. Böyük Qayıdış proqramının ilk pilot layihəsi də məhz Zəngilanın Ağalı kəndində icra edilib. Belə ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsi reallaşdırılıb. Burada 200 evdən ibarət gözəl kənd salınıb. Bu gün keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə böyük sevinc və qürur hissi yaranır.
Ataş Əsədov;
Neftçala rayonu


