Bir təşəkkür borcu…
Ömür silsiləmi davam etdirəcək daha 1 ili sevgi ilə salamlayan hər bir şəxsə sonsuz minnət və məmnunluq hissimi çatdırıram! Nə qədər etik səslənməsə də, hər birinizə hələlik ayrı-ayrılıqda cavab yaza bilməməyin məyusluğunu yaşayıram.
Ömür dediyin nədir ki, bir göz qırpımında keçər-gedər. Bəzən yetişə bilmərik ötüb keçən anlara, zamana, insanlara. Qloballaşan dünya müstəvisində özümüzün özümüzə yetişə bilməməyin də çabası bir tərəfdən…
Bu il də bacara bildiyim qədəri ilə faydalı olmağa çalışdım. Məni dəstəkləyən insanlar sayəsində mən də bir neçə insanın həyatına toxuna, hissləri, emosiyaları, qəzəbləri ilə empatiya qura bildim.
Uzun bir il içində heç də həmişə yüksək əhvali-ruhiyyədə, eyni ruh halında ola bilməzdim. Dolu-dolu bir il yaşadım əslində. Ağlamaq lazım olanda güldüyüm anlar olsa da, elə ağlamaq lazım olanda da ağladım.
Heç bir rəyə, heç bir fikrə də eqomu oxşamaq üçün etinasız yanaşmadım; yeri gəldi sevindim, yeri gəldi təsirləndim, məyus oldum, incidim və ən sonda yenə toparlandım, bütünləşdim. Eynən sizin kimi… Normal olanı da bu deyilmi?!
Axı heç birimiz emosiyalarımıza müqavimət göstərə bilmərik.
Amma və lakin ana prinsiplərimə sadiq qalaraq, bu il də yenə sadəcə özümlə yarışdım və də çox adekvat idim. Nə başqasının yerində olmaq istədim, nə də fərqində olduğum məsuliyyətdən qaçmaq.
Bu gün missiyasına, dəyərlərinə güvəndiyim insanlarla uzun və məsuliyyətli yolda birgə addımlayıram. Vicdanla gecə-gündüz çalışan insanların əziyyətini gördükdə, mən də, sevimli komandam da fəaliyyətimizi onlara uyğunlaşdırırıq.
Bir-birindən parlaq insanlardan formalaşan peşəkar komandamın səmimi sevgisi ilə əhatə olunmaq, birgə zövqlə çalışmaq ən böyük motivasiya qaynağımdır.
TƏBİB ailəsində əsas dəstəkçimiz insanpərvərliyi, sadəliyi, peşəkarlığı və məqsədyönümlülüyü ilə hər birimizə nümunə olan, əlbəttə ki, bizim dəyərli rəhbərimiz, doktor Vüqar Qurbanovdur.
Ötən gün 5 illiyini qeyd etdiyimiz TƏBİB onun rəhbərliyi dövründə müəyyən olunmuş strateji hədəflərə çatmaq üçün özünün inkişaf dövrünü yaşayır. Əminəm ki, biz çox yaxın gələcəkdə arzu etdiyiniz o sistemin qurulmasının real şahidlərinə çevriləcəyik!
Bir mütəfəkkir deyib ki, “Mən sizin duyğularınızın şiddətini bilsəydim, gələcəkdə atacağınız addımların ölçüsünü sizə deyə bilərdim”.
Mən də növbəti ildə bütün səylərimi şiddətli arzularımla gücləndirəcəyəm. Nail olduğum arzularımı da növbəti il hesabat statusumda mütləq sizinlə də bölüşəcəyəm…
İndi isə sonsuz təşəkkürlərimi qəbul edin, qüsurlarımı isə xoş görün!
Bir üzrüm də olacaq, diqqət və qayğımın əksikliyini hiss edən insanlardan – ailəmdən və dostlarımdan…
Həyatımda yeriniz və rolunuz danılmazdır!
Zamirə Ədilova
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri


