Bu gün müstəqil dövlətçiliyimizin ən mühüm sütunlarından biri – 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
Bu əlamətdar günün təsis edilməsi və ana dilimizin dövlət dili kimi sarsılmaz mövqe qazanması birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin uzaqgörən siyasəti, tarixi qətiyyəti və milli təəssübkeşliyi sayəsində Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritetinə çevrilmiş, latın qrafikalı milli əlifbamıza tam keçid təmin edilmişdir.
Bu gün bu müqəddəs irs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həm müdrik bir rəhbər, həm də əsl azərbaycanlı kimi davam etdirilir.
Ana dilimizin saflığının qorunması, onun qloballaşma dövrünün çağırışlarına sinə gərərək inkişafı və zənginləşməsi naminə aparılan siyasət, eləcə də həm milli, həm də ən yüksək beynəlxalq tribunalardan, həmçinin Türk Dünyası Ailəsi çərçivəsində doğma dilimizdə səsləndirdiyi qətiyyətli və qürurverici çıxışları hər birimiz, xüsusən də yetişməkdə olan gənc nəsil üçün ən ali vətənpərvərlik nümunəsidir.
Ailə isə cəmiyyətin təməli, Ana bu təməlin sarsılmaz sütunudur. Ana dilimizin gələcək nəsillərə ötürülməsində, uşaqlarımızın milli-mənəvi dəyərlər, eləcə də dövlətçiliyə sədaqət ruhunda böyüməsində Azərbaycan qadınının, Azərbaycan anasının rolu əvəzsizdir.
Övladlarımızın qəlbinə həkk olunan ilk kəlmələr, onlara aşılanan vətən sevgisi məhz ana dilimizdə səslənir.
Buna görə də dilimizin qorunması və gələcəyimiz olan uşaqlara saf şəkildə miras qoyulması hər bir ailənin və hər bir vətəndaşın borcudur.
Bu dildə yazılan kitab və qələm bizə bu zəngin irsin həm qorunmasının, həm də öyrədilməsinin nə qədər önəmli olduğunu xatırladır.
Gəlin unutmayaq ki, dilinə,siyasi irsinə sahib çıxan ailə və cəmiyyətlər, bu mühitdə formalaşan və milli kimliyini qoruyan hər bir məsuliyyətli vətəndaş öz tarixinə, müstəqilliyinə və övladlarının xoşbəxt gələcəyinə sahib çıxmış olur.
Əziz hənvətənlər,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından hər birinizi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, hər bir ailəyə övladlarını öz doğma dilinə və dövlətinə sevgi, qürur, hörmət ruhunda böyütməyi arzulayıram!
Dilimizi yaşadaq ki, varlığımız və müstəqilliyimiz əbədi yaşasın!
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova



