Azərbaycanın müasir tarixi bir çox qürurverici hadisələrlə zəngindir. Onlardan biri də xalqımızın yaddaşına silinməz izlərlə həkk olunan Ağdamın azadlığıdır. Uzun illər işğal altında qalmış, viran edilən, lakin heç vaxt unudulmayan bu şəhər nəhayət öz sahiblərinə qovuşdu. Bu möhtəşəm hadisə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində gerçəkləşdi.
İşğal illərində Ağdamın görkəmi tanınmaz vəziyyətə düşmüşdü. Düşmən nə evləri, nə məktəbləri, nə də tarixi abidələri salamat qoymuşdu. Şəhər dağıntılar içində qalsa da, xalqımızın qəlbində Ağdamın xatirəsi yaşayır, bu torpaqlara qayıdış ümidi heç zaman sönmürdü. Hər bir azərbaycanlının ürəyində bir gün doğma yurduna dönmək arzusu, bu torpaqlarda yenidən həyatın bərpa olunacağına inam vardı.
O inam bir gün reallığa çevrildi. Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazaraq Ağdamı düşmən işğalından azad etdi. Şəhərin üzərində dalğalanan üçrəngli bayraq xalqımızın səbrinin, əzminin və birliyinin rəmzinə çevrildi. Bu, sadəcə bir torpağın azadlığı deyil, həm də ədalətin, milli qürurun və tarixi haqqın bərpası idi.
Ağdam azad olunduqdan sonra dövlətin diqqəti bu qədim torpağın dirçəldilməsinə yönəldi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhərə dəfələrlə səfər edərək görülən işlərə şəxsən rəhbərlik etdilər. Qısa zamanda Ağdamın Baş planı təsdiqləndi və yenidənqurma mərhələsinə start verildi. Müasir “ağıllı şəhər” konsepsiyası əsasında yollar, məktəblər, mədəniyyət və səhiyyə ocaqları, yaşayış binaları, sosial obyektlər inşa edilməyə başladı.
Bu gün Ağdamda həyat yenidən canlanır. Uzun illərin həsrətindən sonra sakinlər doğma yurdlarına qayıdır, yeni evlər tikilir, küçələr yenidən səslə, uşaq gülüşü ilə dolur. Hər tikilidə dövlətin qayğısı, xalqın zəhməti və Vətən sevgisi duyulur.
Ağdamın bu günkü siması həm şəhidlərimizin ruhuna ehtiram, həm də gələcək nəsillərə verilən bir mesajdır.
Millət vəkili
Azər Allahverənov






