Bu barədə BAKU.NEWS-a Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Telman Əliyevin sözlərinə görə, Zaur Qədirov Çexiya Respublikasının ərazisində Caspian Energy Club-un maraqlarını təmsil edəcək və eyni zamanda Klubun layihələrini idarə edəcək. Klubun planlaşdırdığı regional tədbirlər arasında beynəlxalq Caspian Energy Forum Czechia, Caspian Energy Award Czechia, Brand Award Czechia tədbirləri, o cümlədən Çexiyanın bütün regionlarında B2G və B2B forumları, CEO Breakfast və CEO Lunch, həmçinin Business Tour və Round Table kimi tədbirlərin təşkili var.
Zaur Qədirov Caspian Energy Club-un rəhbərliyinə Caspian Energy Czechia ofisinin formalaşdırılması istiqamətində görülən işlərə görə təşəkkürünü bildirib. Z. Qədirovun sözlərinə görə Çexiyanın müxtəlif regionlarında yeni üzvləri cəlb edəcək komandanın formalaşdırılması istiqamətində işlərə artıq başlanılıb. Zaur Qədirov həmçinin yanvarın 31-də keçiriləcək CEO Lunch tədbirinə hazırlıq barədə məlumat verib. “Tədbirdə 40-a yaxın yerli şirkətin iştirakı gözlənilir. Bundan əlavə, biz bir sıra CEO Breakfast və CEO Lunch silsiləsini keçirməyə hazırlaşırıq”, – deyən Zaur Qədirov 22 martda baş tutacaq Caspian Energy Forum Prague – 2023 hazırlıq istiqamətində də genişmiqyaslı işlərin aparıldığını qeyd edib. Caspian Energy Forum Prague – 2023-ün əsas mövzuları Çexiyanın iqtisadi inkişaf modeli (Turizm, loqistika, sənaye, daşınmaz əmlak, kənd təsərrüfatı sənayesi və azad iqtisadi zonalar), orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və türkdilli dövlətlərin iqtisadi birliyi ilə əməkdaşlıq olacaq.
“Mənim üçün bu çox məsuliyyətli, eyni zamanda, şərəfli işdir”, – deyən Z.Qədirov Azərbaycan və Çexiya sahibkarları arasında netvorkingin genişləndirilməsi, ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
O, həmçinin həm Çexiyada fəaliyyət göstərmək niyyətində olan sahibkarlara, həm də Azərbaycan və Klubun nümayəndəliklərinin olduğu digər ölkələrin bazarına çıxmaq istəyən çex şirkətlərinə hər cür köməklik göstərməyə hazır olduğunu qeyd edib.


