Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya ikigünlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin dövlətimizin başçısının forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir. Dövlət başçısı çıxışı zamanı bildirib ki, “Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Dövlət başçısı bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür”. Bu rəqəm Azərbaycan ilə İtaliya arasında iqtisadiyyat, ticarət və ixracat sahəsində əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərir.
İtaliya ilə Azərbaycan arasında çox yüksək səviyyəli münasibətlər mövcuddur və bu münasibətlər hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb. Azərbaycanla İtaliya arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf edir. Azərbaycan üçün Avropanın strateji tərəfdaşı olan ölkələrdən İtaliya Azərbaycanla həm ticarət, həm də ixracat tərəfdaşı olaraq birinci yerdədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yeri tutur.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı tərəfdaşlardan biridir. Azərbaycan bu günədək Avropanı neft və qaz ilə təchiz edirdisə, artıq ölkəmiz enerji siyasətində yeni bir mərhələyə qədəm qoyub. Bu, bərpaolunan enerji resursları ilə bağlıdır. Bu gün elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində işlər aparılır. Dövlət başçısı qeyd etdi ki, “bərpaolunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə – Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik”.
Ümumiyyətlə dövlət başçısının İtaliyaya ikigünlük işgüzar səfəri son dərəcə uğurlu səfər olub. Xüsusilə, dövlət başçısının keçirdiyi görüşlər, verdiyi bəyanatlar ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çoxtərəfli perspektivlər açır və əməkdaşlığın yeni prioritetlərini müəyyənləşdirir.
Nazilə Mirzəliyeva
Dozular bələdiyyəsinin sədri


