“Neftçi” Türkiyədən icarə əsasında gənc futbolçu gətirmək layihəsini davam etdirmək niyyətindədir.
BAKU.NEWS xəbər verir ki, Mert Çelikin performansından məmnun qalan “ağ-qaralar” qardaş ölkədən daha bir oyunçuya elçi düşüb.
Paytaxt təmsilçisi bu dəfə “Fənərbaxça”nın hücumçusu Serhat Ahmetoğlu ilə maraqlanır. “Sarı-lacivərdlilər”in yetirməsi olan 19 yaşlı forvard hazırda icarə əsasında Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”ün formasını geyinir.
Yay fasiləsində “Fatih Karagümrük”ə birillik icarəyə verilən Serhat cari mövsüm Super Liqanın cəmi 3 matçında meydana çıxıb. Bu isə futbolçusunu oyun praktikası toplaması üçün İstanbulun digər komandasına göndərən “Fənərbaxça” rəhbərliyini narahat edir. “Neftçi” Türkiyənin U-15 və U-18 yığmalarında oynamış Ahmetoğlunu icarəyə götürməyi nəzərdən keçirir.


