“Kiçik məbləğdə olunan dələduzluqlara görə, insanlar heç bir yerə şikayət etmir. Bu səbəbdən də kiberdələduzlar bundan istifadə edərək az məbləğlə daha çox vəsait qazanırlar”.
BAKU.NEWS xəbər verir ki, bunu “Azərbaycanda pandemiya dövründə dələduzluq” adlı konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
T.Məmmədovun sözlərinə görə, pandemiya dövründə dələduzluq hallarının artmasına bir neçə məsələ səbəb olub:
“İlk olaraq onu deyim ki, pandemiya dövründə insanların elektron ödənişlərdən istifadənin artması kiberhücumları artmasına səbəb olub.
Əgər 2020-ci ildə kiberhücumlar 27 % artmışdısa, 2021-ci ildə 38 % artım var. Bütün bunlarla yanaşı Vətən müharibəsi vaxtı və sonrakı dövrlərdə müxtəlif dələduzluq insidentləri barədə məlumatlandırmada 40 % artım var”.
Xidmət rəsmisi əlavə edib ki, hazırda Azərbaycanda kiberdələduzlar daha çox “trust chain” üsulundan istifadə edirlər:
“Trust chain” üsulu odur ki, onlar mövcud olan hansısa sistemi ələ keçirirlər və bu yolla insanları aldatmağa çalışırlar. Əgər əvvəllər kiberdələduzlar “Google translate”dən istifadə edərək mesajları müəyyən səhvlərlə göndərirdilərsə indi onlar bu mesajları qrammatik cəhətdən tam dolğun formada yazırlar. Biz belə hücumları görən kimi vətəndaşları məlumatlandırırıq və bloklayırıq”.
Onun sözlərinə görə, cinayət təqibi dəymiş ziyan 500 manat yaxud ondan üzərində olduqda həyata keçirilir: “Əgər məhkəmə prosesində həmin məbləğdən aşağı zərər dəyirsə zərərverən dəymiş zərəri ödəməklə həbs edilmə cəzasından azad olur.
Biz hazırda bununla bağlı dövlət qurumları ilə müzakirələr aparırıq. Düşünürəm ki, bunun hansısa formada həlli olmalıdır”.


