Vətən müharibəsində həlak olan mülki əhalinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan “Karabakh Memorial” internet resursu (karabakhmemorial.com) təqdim edilib.
BAKU.NEWS xəbər verir ki, “Karabakh Memorial” internet resursu Qarabağ Dirçəliş Fondu tərəfindən ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın olduğu “Karabakh center” layihəsi çərçivəsində Vətən müharibəsi zamanı beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən terrorun nəticələrini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə yaradılıb.
Tədbirdə Qarabağ Dirçəliş Fondunun İcraçı direktoru Rəhman Hacıyev, Ombudsman Səbinə Əliyeva, Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, digər şəxslər iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bütün dünya erməni təcavüzü və cinayətlərinin şahididir: “Azərbaycan dövləti öz xalqının, ordusunun və Prezidentinin gücü ilə bu münaqişəyə son qoydu. Belə münaqişələrin yalnız sülh yolu ilə həll olunması ilə bağlı nağılların qarşısına Azərbaycan reallığı qoyuldu”.


