Ölkəmiz hazırda beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edən və onu ən mükəmməl şəkildə nümayiş etdirən azsaylı ölkələrdəndir!
Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu, düşünülmüş, milli maraqlara əsaslanan daxili və xarici siyasət nəticəsində Ölkəmizin beynəlxalq nüfuzu xeyli artmışdır. Yerləşdiyi regionun lider dövləti olan Azərbaycan, həm də müstəqil siyasət yürüdən, qonşuları ilə normal, bərabər səviyyəli münasibətlərə əsaslanmış siyasət sərgiləyən, etibarlı tərəfdaş imici formalaşdırmış ölkədir. Zəngin karbohidrogen ehtiyatlarından maddi mənfəətlə yanaşı siyasi maraqları naminə də istifadə edən Ölkəmiz bu gün on illiklər ərzində ədalət görmədiyi Avropa üçün strateji tərəfdaş, etibarlı ölkə kimi qəbul edilir. Əlbəttə ki, dünyada baş verən hadisələr fonunda Azərbaycanın mükəmməl siyasət yürütməsi cənab Prezidentin siyasi Liderlik bacarığının təzahürüdür.
Ölkəmiz hazırda beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edən və onu ən mükəmməl şəkildə nümayiş etdirən azsaylı ölkələrdəndir. Xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verən Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar dediklərimizi bir daha təsdiq edir. Bu gün türkdilli ölkələrlə də yüksək səviyyəli münasibətlərin qurulması cənab Prezident İlham Əliyevin prioritet hesab etdiyi əsas məsələlərdəndir. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz nümunəsidir. Ölkəmizin Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə münasibətlərinin bugünki səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan bütün istiqamətlər üzrə əməkdaşlıqda, dostluq, və sülh şəraitində yaşamaqda, inkişaf etməkdə maraqlıdır.
Bu günlərdə Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında baş tutmuş 10-cu yubiley Zirvə görüşündə iştirak və çıxış edən Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın əsas hədəflərini bir daha nümayiş etdirdi. Cənab Prezident Ölkəmizin türkdilli dövlətlərlə daimi əməkdaşlıqda maraqlı olduğunu bəyan etdi. Bu gün Azərbaycanın xüsusilə qardaş Türkiyə dövləti ilə münasibətlərinin səviyyəsi dünya üçün bir nümunədir.
2021-ci il iyun ayının 15-də tarixi Zəfərimizin simvolu olan Şuşada cənab Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalamaları ölkələrimiz arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu gün Müzəffər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bütün nailiyyətlər Ölkəmizin gələcək rifahına xidmət edir.
Artıq bizlər bu inkişafın real nümunələrini işğaldan azad olunan ərazilərdə aparılan böyük quruculuq, abadlıq işlərində görürük. Bu işdə də qardaş, Azərbaycana dost olan ölkələrin iştirak etməsi həm sevindirici, həm də qürurvericidir. Bu gün sürətlə reallaşan Böyük Qayıdış bir daha Ölkəmizin gücünü, qüdrətini dünyaya nümayiş etdirir.
Əliheydər Qarayev;
Neftçala rayon sakini


