Türkiyənin İstanbul şəhərində ölkədə həyata keçirilmiş bir neçə terror aktında iştirak etmiş PKK üzvü yaxalanıb.
BAKU.NEWS Türkiyə KİV-nə istinadən xəbər verir ki, şərti adı “Rodi Çevlik” olan Sonuç Gürdeğir İstanbulun Ataşəhir rayonunda yaxalanıb. O, 11 terror aktında iştirak edib. Sonuç Gürdeğir 2014-cü ilin 10 sentyabrında Bingöldə təhlükəsizlik rəsmisinin və mühafizəçisinin yaralanması, habelə təhlükəsizlik qüvvələrinin 2 əməkdaşının həlak olması ilə nəticələnən terror aktında iştirak edib. Bununla yanaşı, 2016-cı ilin 1 avqustunda zırehli avtomobilin partladılması, 7 polis əməkdaşının öldürülməsi, 3-nün yaralanması ilə nəticələnən digər terror aktında iştirak edib. Sonuç Gürdeğir eləcə də digər terror aktlarının iştirakçısı olub. O, xüsusi əməliyyatla yaxalanıb.
Türkiyənin cənub-şərqindəki Şirnak əyalətində isə PKK-nın 3 terrorçusu zərərsizləşdirilib. Bu barədə isə “Anadolu” agentliyi Türkiyə Daxili İşlər Nazirliyinə istinadən bildirib.
Nazirliyin məlumatına görə, “Eren” antiterror əməliyyatının 13-cü mərhələsi Qabar dağlıq dağ silsiləsi ərazisində jandarmeriya qüvvələrinin xüsusi təyinatlı dəstəsinin iştirakı ilə davam edir.
Türkiyənin Hərbi Hava Qüvvələri əməliyyata aktiv dəstək verir. Terrorçulara qarşı həmçinin pilotsuz təyyarələr tətbiq edilir.


