Baş nazir Əli Əsədov Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Bu barədə BAKU.NEWS-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:
– Çin Xalq Respublikası;
– Estoniya Respublikası;
-.Finlandiya Respublikası;
– Fransa Respublikası;
– Honq-Konq (ÇXR);
– Xorvatiya Respublikası;
– İslandiya Respublikası;
– İtaliya Respublikası;
– Latviya Respublikası;
– Malayziya;
– Səudiyyə Ərəbistanı Krallığı;
– Yaponiya.
Bu ölkənin vətəndaşlarının aşağıdakı tələblər nəzərə alınmaqla Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:
– yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
– 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
Həmin şəxslər Azərbaycan Respiblikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.


