Əmanətlərin Sığortalanması Fondu 2020-ci ili 602 milyon 81 min manat xalis zərər ilə başa vurub. Halbuki, Fond 2019-cu ili 59 milyon 630 min manat xalis mənfəət ilə bağlamışdı.
BAKU.NEWS Marja-ya istinadən xəbər verir ki, zərər lisenziyası ləğv edilmiş banklardakı əmanətlər üzrə ödənilmiş 681 milyon 158 min manatlıq kompensasiya xərclərindən qaynaqlanır.
Ötən ilin zərəri ilə Fondun yığılmış zərəri 878 milyon 211 min manata çatıb. 2019-cu ilin sonunda yığılmış zərər 274 milyon 206 min manat idi. Fondun 949 milyon 893 min manatlıq əlavə kapital qoyuluşu yığılmış zərər qədər azalıb və 71 milyon 683 min manat kapital qalıb.
2020-ci ildə 2019-cu illə müqayisədə Fondun sığorta premiyaları təxminən 7% azalaraq 33 milyon 288 min manata düşüb. Fond 2019-cu ildə 35 milyon 748 min manat sığorta premiyaları toplamışdı.
FOND 2 DƏFƏ KİÇİLİB
Ötən il Əmanətlərin Sığortalanması Fondunun cəmi aktivləri 2 dəfədən çox azalaraq 499 milyon 460 min manata düşüb. Fond 2019-cu ilin sonunda 1 milyard 22 milyon 497 min manat cəmi aktivlərə malik idi. Səbəb dövlət vekselləri və nağd vəsaitlər üzrə azalmalardır.


