“Saxta koronavirus sertifikatlarının və arayışların alınması məsələsi təkcə Azərbaycanda deyil, eləcə də bütün inkişaf etmiş ölkələrdə də var. Təəssüf ki, bu kimi faktlara az da olsa ölkəmizdə rast gəlinir. Ümumi miqyası götürsək, hesab edirəm ki, bu, elə də böyük rəqəm deyil. Çox güman ki, tək-tək hadisələr ümumi işə xələl gətirmir. Düşünmürəm ki, bu faktlara görə yoluxma statistikasında böyük fərq yarana bilər. Çünki bu çox cüzi say ola bilər”.
BAKU.NEWS xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, hər halda bu işə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir: “Aşkar olunan faktlar da onu deməyə əsas verir ki, dövlətimiz bu istiqamətdə ciddi addımlar atılır. Bu işə baş qoşanlar bilməlidir ki, onlar dövləti aldadırlar. Heç kim unutmamalıdır ki, dövlətimiz pandemiyanın qarşısının alınması istiqamətində nə qədər işlər görür, böyük xərclər çəkir. Digər tərəfdən əgər saxta peyvənd pasportu alan şəxs virusa yoluxarsa, peyvəndi nüfuzdan salmış kimi görünəcək. Üçüncüsü isə insan özü-özünü aldadır. Yəni insan potensial yoluxdurma mənbəyidir”.


