• Mədəniyyət • Köşə

Qırğız dövlət qəzetində Azərbaycan yazarı ilə müsahibə yayımlanıb

195
1-07-2019, 08:53

Qardaş respublikanın nüfuzlu “Qırğız tuusu” (“Kırqız tuusu” – “Qırğız tüğu(bayrağı)”) dövlət qəzeti Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalının müsa-hibəsini dərc edib.
Qırğızların 95 yaşlı bu qəzeti, həfətədə iki dəfə, 7 min tirajla, 16 səhifə həcmində çıxır. Azərbaycan yazarının “Qırğız şairlərinin şeirləri Azərbaycan dilində” (“Kırqız akındarının ırları Azerbayjan tilinde”) başlığı ilə yayımlanan müsahibəsini qəzetin əməkdaşı Şabdan Abılkazıoğlu qələmə alıb.
Həm qəzetin özündə, həm də elektron versiyasında (kyrgyztuusu.kg) yayım-lanan müsahibə, əsasən, bugünlərdə Bakıda gün üzü görmüş, Əkbər Qoşalının baş redaktoru (və uyğunlaşdırıcılarından biri) olduğu “Gənc Qırğız şeiri antologiyası” barədə olsa da, yazar jur-nalistin bir sıra başqa suallarını da cavablandırıb. “Qırğız tuusu” əməkdaşı, sözügedən nəfis anto-logiyadan öncə çıxmış oxşar nəşrlər, SSRİ dağılandan sonra itirilmiş mədəni əlaqələr, habelə, qazanılmış yeni imkanlar, ortaq türkcə, ortaq əlifba, ruh yaxınlığı, Qırğız poeziyası ilə Azərbaycan poeziyasınan fərqli, oxşar yönləri və bu kimi başqa suallara cavab axtarıb.
Qeyd edək ki, “Gənc Qırğız şeiri antologiyası” Millət vəkili dr. Cavanşir Feyziyevin layihə rəhbərliyi və dəstəyi ilə hazırlanaraq, “Zərdabi LTD” Nəşriyyat-Poliqrafiya Müsəssisəsində nəşr edilib. Ölkəmizin Qırğız Respublikasındakı səfiri, Əməkdar incəsənət xadimi Hidayət Orucovun “Təqdim”inin, dr.Cavanşir Feyziyevin “Ön söz”ünün, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulovunsa “Bişkekdən Bakıya poeziya buketi” adlı ürək sözünün yer aldığı nəşrdə 35 gənc qırğız şairinin şeirləri, özkeçmişləri toplanıb.
Antologiyanın Azərbaycanda təqdimatı üçün 21-25 iyul aralığında bir qrup qırğız gənc şairi və Qırğız Respublikası Yazıçılar Birliyinin başqanı, şair-tərcüməçi Nurlan Kalıbekov respub-likamızda səfərdə olacaq. Qardaş ölkə şairlərinin uyğunprofilli dövlət orqanları və ictimai qu-rumlarda görüşləri də nəzrdə tutulub.

***
Sözügedən müsahibənin azərbaycancasını oxuculara təqdim edirik:

QIRĞIZ ŞAİRLƏRİNİN ŞEİRLƏRİ AZƏRBAYCAN DİLİNDƏ

Əkbər bəy, gənc Qırğız şairlərinin antologiyasının Azərbaycan dilində çıxması haqqında şad xəbəri eşitdik. Təbrik edirik! Bu barədə bizə ətraflı bilgi verə bilərsinizmi?
-Bəli, böyük məmnuniyyətlə bu xoş xəbəri – yeni antologiyanın sevincini sizinlə paylaşırıq. Bi-lirsiz, “sevinc paylaşdıqca çoxalır, kədər paylaşdıqca azalır” deyib atalar. Qoy, bu sevincdən hər bir qırğız ədəbiyyatçısının, qardaşlıq bağlarını möhkəm tutan hər könül dostunun evinə, iş ma-sasına, yaradıcılığına pay düşsün.
Antologiya nə deməkdir? – o yalnız bir müəllifin əsəri olmayan güldəstədir; konkret halda, eyni ədəbi nəslə aid qırğız şairlərinin poeziya buketi, şeir çələngidir. Özü də, məhz gənc şairlərin, müstəqillik dövrü şairlərinin yaradıcılıq örnəkləri toplanıb burada. Belə bir söz var: gənclərin gələcəyi, qocaların keçmişi var. Bu anlamda, “Gənc Qırğız şeiri antologiyası” həm bugünün, həm də gələcəyin kitabıdır; üzü sabaha doğrudur, oxucunu gələcəyə səsləyir... Çalışaq ki, o gələcək ortaq gələcəyə dönüşsün – ortaq keçmişi olanların ortaq gələcəyinin olması çox təbii olardı.
Bəs, bu antologiya ideyası necə yarandı, hardan gəldi? –
Bizim 20 yaşlı Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB), öz mandat-missiyasına uyğun olaraq, bu vaxtadək “Yeni tatar şeiri antologiyası”, “Yeni Qazax şeiri antologiyası”, “Özbək şeir çələngi”, “Turan yolu”, “Türkün səsi” və bu kimi onlarla başqa nəşrlər araya-ərsəyə gətirib. Ötən il millət vəkili, türkoloq alim, bizim işlərə yaxından bələd olan sayın dr.Cavanşir Feyziyev, “Qırğız gənclərinin antologiyasını da hazırlaya bilərsizmi?” deyə sual etdikdə, bu sualı sual kimi yox, təklif kimi qəbul etdik və dərhal razılaşdıq. Çünki DGTYB-nin Qırğız Respublikasındakı təmsilçisi, üzvü olan dostlarla zatən bu mövzuda məsləhətləşmələr aparırdıq və belə bir kitabın hazırlanması bizimçün könül işidir, sevdadır, tutqudur...
Burada bir məqamı da vurğulayım ki, biz belə bir tərcümə texnologiyası tətbiq edirik: materialları bir tərcüməçiyə deyil, bir neçə tərcüməçiyə təqdim edirik. Bu da, şairdən-şairə, qardaşdan-qar-daşa, gəncdən-gəncə və s. bu kimi şəkillənmələr yaradır, daha çox yaradıcı insan bir-birini tanıyır, daha çox yazarın adı ədəbi müstəvi üzərində mübadilə edilir, gündəmə gəlir. Bu da öz növbəsində, yeni ideyalar, təzə təşəbbüslər, əlaqələr, işbirlikləri – layihələr, kitablar deməkdir. Mən belə yanaşmanı körpüsalanların işinə bənzətmək istərdim, biz burda – Bakıda, siz orda – Bişkəkdə bir körpünün tağlarını tikirik, fəqət bu fiziki parametrli körpü deyil, mənəviyyat parametrləri ilə ölçülən KÖNÜL KÖRPÜSÜDÜR, başqa sözlə, qardaşlıq körpüsünün möhkəm-ləndirilməsidir.
Başqa nələri deyə bilərik? – Antologiyada 35 gənc qırğız şairinin şeirləri toplanıb. Şeirləri 18 Azərbaycanlı qardaş-bacınız çevirib. Bu 18 nəfərin ən yaşlısı 56 yaşında, ən gənci 26 yaşındadır. Onlardan üçü alimdir; bir qismi respublika miqyaslı ədəbi yarışmalarda qalib olub, Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdünə, gənclər mükafatına layiq görülüb. Çoxu öz kitabları ilə ədəbi ictimaiyyətin rəğbətini qazanıb. Bu qardaş-bacılarınızı birləşdirən ən ümdə cəhətlər nədir? – İlk növbədə, istedad, türk dünyasına, ümumtürk mədəniyyətinə sevgi-sayğı, türk dünyasında ədəbi ilişkilərin inkişafına töhfə vermək istəyi! Özü də, bu istək sevgi ilə peşəkarlığın bərabər təzahürü şəklində özünü göstərir...
Antologiyanın layihə rəhbəri Millət vəkili dr. Cavanşir Feyziyev, məsləhətçiləri Millət vəkili, akademik Nizami Cəfərov, “Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist dr. Sona VƏLİYEVA, rəyçiləri isə AYB-nin katibi Rəşad MƏCİD, “Olaylar” qəzetinin baş redaktoru dr.Yunus Oğuzdur.
Antologiya 500 tirajla çıxıb, kitabxanalara, uyğun mədəniyyət müəssisələrinə paylanır, habelə “pdf” formatında “kitabxana.net” portalında yerləşdirilib.
-Bu kitabdan öncə Sizin tərəfinizdən türk xalqları ədəbiyyatına dair neçə antologiya çıxıb?
-Bizim nəşrlərimizin aşağı-yuxarı əksəriyyəti türk xalqlarına aiddir, əlbəttə. Hətta bir müəllifin kitabısa, o da, Saxa (Yakutiya), Tatar, Qazax, Özbək, Çuvaş... ədəbi faktıdır və məhz ona görə bizim vasitəmizlə Azərbaycan oxucusuna təqdim edilir. Əlbəttə, “Çağdaş Azərbaycan şeri an-tologiyası” (2 cilddə) Ankarada, “Yeni zaman Azərbaycan poeziyası” Astanada (Nur-Sultanda) çıxıb və belə addımlarla, Azərbaycan yazarlarını da digər tüksoylu ölkə və topluluqlarda təbliğ etməyə çalışmışıq. Şeirin ədəbiyyatda, ədəbiyyatın türk xalqlarının həyatında, dünyabaxışında hansı tarixi gələnəyə və mənəvi infrastruktura malik olduğunu bilirik; elə ona görə də, türk bir-liyinin mədəni əsaslarının möhkəmlənməsi, türk düşüncəsinin, zövqünün gəlişməsi, qan yad-daşının təzələnməsi üçün poetik təfəkkürün iştirakını artırmağa çalışırıq.

-Sovet İttifaqının dağılmasından sonra biz daha az mədəni əlaqəyə sahibik. Sizcə, qardaş xalqlar arasında mədəni bir oyanma başlamışdırmı?
-Sovet dönəmində qardaş xalqlar arasında birbaşa ədəbi əlaqələr qadağan olmasa da, sanki sos-realizm inersiyası ilə bu əlaqələr də, Moskvanı, Kremli dolaşıb gəlirdi... Bir də, sovet dönəminin öz ədəbi-ideoloji kanonları vardı və heç də, hər adam o “standartsız standart”ın dışına çıxa bilmirdi. Bununla belə nəşriyyatlara, kitabxanalara hökm etmək mümkün olsa da, könüllərə, qan yaddaşına hökm etmək, hər kəsi bir rəngə boyamaq, bir zövqə (ruha!) kökləmək, hətta man-qurtlaşdırmaq mümkün olmamışdır, əlbəttə. Sovetlərin dağılması ilə öz soykökünə enmək, oradan yenidən boy atmaq, yaşıllanmaq, çiçəklənmək prosesi başlandı. Bu dəfə, artıq köhnə sistem, sovet ədəbiyyat təsərrüfatı yox idi, yenisi isə yaranmamışdı... Həmin illəri təbəddülatlar, özünütəşkil, yenidən şəkillənmə, arama-axtarma dövrü kimi xarakterizə etmək olar. Bax, belə bir vaxtda, TÜRKSOY ideyası meydana çıxdı, ardınca digər ortaq platformalar ideyası... və bu sırada bizim DGTYB bir ictimai platforma olaraq meydana daxil oldu...
Qardaş xalqlar arasında ədəbi oyanma yalnız sovetlər dövründə tanınmış, tirajlanmış yazıçı, şairlərin adı üzərindən, onların əsərlərinə təkrar müraciətlə olmur; daha artıq dərəcədə, repressiya qurbanı olmuş, dissident ruhlu ədibləri, istiqlal sevdalılarını, xalq ruhunu təcalla etdirən yazarları çağdaş ədəbi gündəliyə daşımaqla dərin anlam qazanır. Şübhəsiz ki, bu planda, qardaş xalqlar arasında ədəbi oyanma üçün, müstəqillik dövrü ədəbi örnəklərini tirajlamaq, istiqlal övladlarının ədəbi məhsullarını yaymaq yaddan çıxmamalıdır. Bizlər də bacardığımız qədər bu işlə uğraşırıq...

-“Dil yaxın olduqca, ruh da yaxın olacaq” deyirlər. Necə bilirsiz, bəlkə bu antologiya da şairlər üçün yeni bir dostluq körpüsü olacaqdır?
-Şairin, yazıçının materialı sözdür, dildir. Dilə yeni sözlər gətirən də, onlara yeni anlamlar yük-ləyən də, daha çox yaradıcı insanlardı. Elm-texnika, texnologiya ilə gələn sözlər təəssüf ki, hələlik (adətən) yabançı sözlər olur; şair, yazıçısa xalqın bağrında qopan arzu-istəklərin ifadəçisi olduğu üçün o xalqın sözünü yaradır, ölmüş sözləri dirildir, onlara yeni nəfəs verir... Belə olanda, ortq keçmişin yuxusu qaçır, yaddaşımız ortaq sözlərimizi pıçıldayır... Bu, artıq ruh – milli ruh hadisəsidir, deyə inanıram.
Çox inanıram ki, “Gənc Qırğız şeiri antologiyası” sözün bütün anlamlarında, dilin bütün əlvanlıq imkanlarında yaxınlaşmamıza töhfə olacaq...
Biz istəyirik ki, Qırğız ədəbiyyatı dedikdə, Manas və Çingiz Aytmatovdan başqa adlar da xatır-lansın, oxunsun, öyrənilsin, tədqiq edilsin...

-Kitabın redaktoru olaraq, Qırğız poeziyası ilə Azərbaycan poeziyasınan fərqləri barədə nələri vurğulayardız?
-Sizlərin şeirləri forma, faktura etibarı ilə qədim türk şeirinə daha yaxındır. Gənc Qırğız şeiri şifahi xalq ədəbiyyatının təsiri ilə yeni dövrün gerçəklikləri və çağırışları arasında öz ritmini, ahəngini bulmağa çalışır. Sizdə dünyanın ən böyük eposu Manasın da, hələ sağlığında klassikləşmiş böyük Çingiz Aytmatovun da üslubu qaynayıb-qarışır yaxud buna cəhd olunur... Bu iki böyük ədəbi abidə, sanki Qırğız şeirinin (nəsrinin də) şəhdi-şəkərini böyük ölçüdə özündə toplayıb və yeni qələmlərə çox az şey qalıb... Əlbəttə, hər əli qələmli özü yeni bir fəsil açmağa, yeni dünya şəkilləndirməyə cəsarət edir yaxud etməlidir; lakin mən sizlərin şeirlərində, hekayələrinizdə o böyük ədəbi abidələrin təbii basqısını hiss edirəm, qüsura baxmayın. Bu çatışmazlıq deyil, bəlkə bir təbii prosesdir, keçilməlidir. Söz var: su axar, çuxurunu bular...
Şeir-sənət yoluna çıxan gənc qırğızlar, ana materikin ortasında, böyük dənizlərdən uzaq, böyük dağların qucaqladığı böyük çöllərin nəğməsini yaratmaqdadır... Bizsə Qafqazlıyıq; bizim paytaxtımız dünyanın ən böyük gölünün – adına dəniz deyilən Xəzərin qıyısında yerləşir. Bizim ədəbi yaddaşımızda farsca yazmış NİZAMİ, həm fars, həm ərəb, həm türkcə yazmış FÜZULİ, bu iki dühanın arasındasa, cəmi 47 il ömür sürüb, “məndə sığar ikki cahan, Mən bu cahana sığmazam” deyən ulu NƏSİMİnin, onlardan sonrakı güclü qələmlərin dərin izləri var. Bununla belə, bizdə də, sizin kimi epos təfəkkürü, ozan-aşıq ruhu hakimliyini sürdürür. Etnoqrafik yaddaş sizdə bizdən daha çoxdur, bəlkə; bəlkə də, bu ərəb-fars kültürünün, dilinin sizin coğrafiyaya bizimki kimi çox təsir edə bilməməsi ilə bağlıdır. Sizlər mifik yaddaş suxurlarını daha sağlam tuta bilmisiz, məncə.
Bu dediklərimizlə yanaşı, ikimizə də keçmiş sovet ədəbiyyat təsərrüfatı üzərindən gələn dalğa-ların zamanında hakim olması, kitabxanalarımızın az qala eyni xarici ədəbiyyatlarla, eyni rus ədəbiyyatı və rusdilli ədəbiyyatlarla təchiz olunması, eyni dərsliklər, eyni proqram, eyni ideoloji təsirlər, tanınmış ədiblərimizin eyni institutda ( -Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitu-tunda) oxuması və s... bir sıra oxşarlıqlar, birrəgnliklər də yaratmamış deyil. Bunlardan daha ön-planda isə - nə olur-olsun, hər ikimiz türk xalqıyıq, kökümüz birdir, eyni bulaqdan su içib, eyni səmtə at çapmışıq... və bu da öz kodları ilə bir yerdə həkk olunub. Həkk olunansa, nə zamansa dərk olunacaqdır...

-Bəs antologiyanı nəşrə hazırlayarkən, şeir toplayanda və ya tərcümə edərkən çətinliklərlə qarşılazdınızmı?
-Nə gizlədim, orjinaldan çevirmədə müəyyən problemlər olur. Biz əlbəttə, qardaş dillər arasındakı prosesə “tərcümə” demirik, “uyğunlaşdırma”, ən uzağı “çevirmə” deyirik; lakin fakt odur ki, müstəqilliyimizin 28-ci ilində belə ortaq dil, ortaq əlifba mövzusunda, orjinaldan çevrimə məsələsində arzuolunan məsafəni qət etməmişik. Şadam ki, Türküstandakı Əhməd Yasəvi adına Qazax-Türk Universiteti, müəyyən qədər sizin MANAS Qırğız-Türk Universiteti ortaq keçmişi-mizdən ortaq gələcəyimizə gedən yolun inşaasında yer alacaq mütəxəssislər yetişdirib; TÜRKSOY, Türk Akademiyası xeyli işlər görüb. Könül arzu edir, digər ortaq rəsmi türk qurumları da, daha böyük çaplı işlər görsün...

-Daha hansı planlarınız var? Antologiyanın tədimat mərasimi nə vaxt təşkil ediləcək?
-Ümidvaram, qırğız dostlarımızın dəstəyi ilə Azərbaycan şeiri və nəsrini Bişkəkdə, qırğız nəsrini Bakıda, hazırki “Gənc Qırğız şeiri antologiyası”nı Ankarada nəşr edə biləcəyik.
Bunlardan öncə, hazırki antologiyanın Azərbaycanda təqdimat törənini hazırlayırıq; payızdasa, Bişkəkdə təqdimat törəni keçirməyi düşünürük.

Qırğız dövlət qəzetində Azərbaycan yazarı ilə müsahibə yayımlanıb

FACEBOOK ŞƏRH YAZ