• Köşə

OYUN BAŞ TUTDU... Əkbər QOŞALI yazır

227
31-05-2019, 16:57

OYUN BAŞ TUTDU...
oyun baş tutmadı... Əkbər QOŞALI yazır


2019-cu il UEFA Avropa Liqasının Bakı finalı yüksək səviyyədə təşkil olundu.
2020-ci ildə - Avropa çempionatının 4 oyununun da yüksək səviyyədə təşkli ilə Bakı yenidən dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olacaq. 2020-ci ilin 2019-cu ildən daha uğurla keçəcəyinə inanırıq – Bakının buna yetkin gücü, qüsursuz bacarığı şübhə mövzusu deyil. –
Azərbaycan bütün dünyaya bir daha sübut etdi ki, istənilən uluslararası tədbiri yüksək səviyyədə keçirmək imkanlarına malikdir! Və Bakı oyunların – futbola siyasət qatmaq cəhdlərinin pozulması baxımından da da öz gücünü bir daha göstərmiş oldu! “Çelsi” - “Arsenal” matçında neçə dəfə oyundankənar vəziyyət yarandığını bilməsəm də, oyunbazların oyundankənar duruma düşdüyünü bilirik artıq...

Beləliklə, UEFA Avropa Liqasının Bakı finalının uğurla keçirilməsi bir daha, öz futbol təsərrüfatı ilə, bütövlükdə, dövləti, xalqı ilə Azərbaycan örnəyini, azərbaycanlı bacarığını nümayiş etdirdi. Böyük, məsuliyyətli tədbirləri, eləcə də, bütövlükdə dünyanın diqqət mərkəzində olan futbol yarışlarını yüksək səviyyədə təşkil etmək baxımından necə bir təcrübəyə malik olduğunu göstərdi Azərbaycan.
Bilirsiz, UEFA Bakı finalı özlüyündə, respublikamızın (konkret halda, paytaxt Bakının) belə nəhəng tədbirləri təşkil etmək üçün infrastruktura (idman kompleksləri, xidmət sek¬toru, təhlükəsizlik şərtləri və s.) malik olduğunun təsdiqinə, sübut aktına çevrildi.
Hələ oyundan xeyli öncə ( -finalçılar bəlli olduqdan sonra matçın niyə uuzzaqqq... Bakıda ke-çiril¬mə¬sindən tutmuş, ölkəmizin guya uyğun infrastruktura malik olmaması, azarkeşlərin gəlişi ilə bağlı hansısa “göydən düşmə”, nə bilim, “yerdən çıxma” məsələlərin, hətta təhlükəsizlik problemlərinin mövcudluğu, üstəlik, otellərin də çox bahalı olması kimi... bir sürü nəsnələr saydılar, dedilər, yazdılar, tirajladılar... Elə bil, futbol meydanı yox, siyasət meydanındaydı zalımuşaqları. (Siyasət dediyin də, bir siyasət ola barı)...
Məlumunuz – bu sadalananlar azmış kimi, bir də, “Arsenal”ın Mxitaryanına qarşı hansısa mənfi münasibət olması və onun qorunmasına təminat verilməməsi kimi iddialar sürüldü meydana. (Bir az da, belə getsəydi, meydanda topdan, futbolçudan başqa, daha nə desən olacaqdı)...
Və budur, oyun oldu, deyilən, yazılan, tirajlanan hoqqaların heç birisə öz təsdiqini tapmadı da, tapmadı...
“Bakı UEFA Avropa Liqasının final oyununu möhtəşəm təşkil etmişdi. ...Final oyununun əla təşkil olunmasına görə Bakıya əhsən! Stadion dünya standartlarına cavab verir.” – bu sözlər kimindi, əfəndim? – Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts oyundan sonra deyib. (Xanım səfirin fikirləri Britaniyanın Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesabında yerləşdirilib). Hə, bax, indi Paşinyanmı Mxitaryana zəng edəcək, Mxitaryanmı Paşinyana – ta özləri bilər, istərlərsə, telefondan asılı qalsınlar...

Bəli, Bakı gerçəklikləri bütün əsassız iddiaları dəf etdi. AZAL bütün reysləri qəbul etdi, hava limanında hər hansı problem yaşanmadı, otellər və qonaqların yerləşməsi, xidmət, nəqliyyat yüksək səviyyədə təmin olundu. Oysa, ingilis klubları onlara verilən biletləri belə sata bilməmişdi...
Yetərincə azarkeş oyuna gələrək Bakı Olimpiya Stadionundakı bayramın iştirakçısına çevrildi.
Mxitaryana ən (!) yüksək səviyyədə təhlükəsizlik təminatı verildi, o, meydan fərariliyi etdi, üstəlik, klubu da, ona verilən biletləri düz-əməlli sata bilməmişdi, sonda da haqq etdiyi məlubiyyəti alar oldu...
Hələ bir də, işin başqa bir tərəfinə diqqət edin: Hüquq-mühafizə orqanlarının, asayiş keşikçilərinin peşəkar, sivil və mehriban davranışı ( -hətta, içkili ingilis azarkeşlərinin qarşıdurma yaratmaq cəhdlərinə qarşı dözümü!) diqqətlərdən yayınmadı, onların öz görəvini yüksək səviyyədə yerinə yetirdiyini aydın göstərdi. – Bəli, təkrarçılıq olmasın, bütün dünyada şuluq imicə malik ingilis azarkeşlərin bu “sərt özəlliy”i göz önündə tutularaq, bizim Bakı bəlkə bu kimi yarışmalarda heç bir ciddi insidentin yaşanmadığı ən təhlükəsiz şəhər olaraq tarixə düşdü!.. - Şair demiş, “Bizim Bakı – bizim ürək!”

Hər hansı bir problemin, ciddi insidentin olmaması “konfet kağızı” deyil, e! – Bu, bizim müvafiq sahəyə məsul həmvətənlərimizin yuxusuz gecələrdi, soyuqda, istidə, küləkdə... növbələrdi, gərgin əməkdi, yüksək məsuliyyət hisasinin təntənəsidir!
Bu təntənənin işığında daha nələri vurğulaya bilərik? – Həm futbola dair həm futbolla yanaşı? –
Oyundan öncə “fan-zona”ların yüksək səviyyədə təşkili, azarkeşlər üçün mümkün olan ən yaxşı ortamın yaradılması hamı tərəfindən etiraf olundu.
Oyun günü istər azarkeşlərin Qafqazın ən böyük stadionuna gəlişi, stadionda matçı seyr etməsi, istərsə də, geriyə dönüş məsələləri yüksək səviyyədə təşkil olundu, ufaq bir sıxlıq belə yaşanmadı. Stadionu tərk edən azarkeşlərin rahat şəkildə nəqliyyata çatması və paytaxtın fərqli ünvanlarına çat-dırılması məsələsi peşəkar şəkildə həll olundu.
Toxunmadan keçməyəcəyimiz başqa bir məqamsa, könüüllülərimizlə bağlıdır. – I Avropa Oyun¬larında, IV İslam Həmrəylik Oyunlarında və s. böyük tədbirlərdə olduğu kimi, könüllülərin çalışqanlığı bu dəfə də, işlərin daha rəvan, sakit həllinə böyük dəstək oldu. Bir daha göründü ki, Azərbaycanda könüllülük hərəkatı, necə deyərlər, institutlaşıb və vətənkeş gənclərimiz hər zaman dövlətin yanındadır!

İndisə gələk, oyundan sonra da, “qaşınmayan yerdən qan çıxamağ”a çalışanların ya şüuraltı ya şüurlu hərəkətinə: Bəzi xarici KİV-lərin stadionun guya dolmaması, boş yerlərin qalması kimi sərsəm iddialarına; bu iddiaya ən tutarlı cavab: ilkin nəticəyə görə, stadionda 60 minə yaxın azarkeş oyunu seyr etdi. Oysa, ingilis klubları onlara verilən biletləri belə sata bilməmişdi...
Bakı finalını gözdən salmağa çalışan həmin o, “bəzi” yarlıqlı KİV-lər var ha, onlar görün daha nə yazmağı özlərinə rəva bilib? – “oyun çox sakit keçdi”; “ehtiras olmadı” və sanki həm belə olub həm də, bunlar məhz Bakının, bizlərin qüsuruymuş... Bax, bu dəqiq onu göstərir ki, “öz gözü tirlilər” Azərbaycanda keçirilən final matçı ilə bağlı diqqəti cəlb edə biləcək nöqsan tapa bilməyib də, bilməyib.
Əlbəttə, hazırlığın yüksək səviyyəsi xaricdəki anti-Azərbaycan qüvvələrin və onların daxildəki uzantılarının bütün iddialarını alt-üst etdi. Respublikamızın rəsmi dairələrinin olduqca səmərəli fəaliyyəti, mümkün problemlərin qabaqcadan müəyyənləşdirilməsi və onların aradan qaldırılması, deyilən sahədəki məqsədyönlü tədbirlər, habelə (insafən) tədbirin əsas təşkilatçısı olan UEFA başqanlığının prinsipial mövqeyi, bütün məsələlərə vaxtında müdaxilə etməsi və şaiyələrə imkan yaratmaması tədbirin uğurla keçirilməsinin başlıca səbəbləri sırasındadır.
UEFA Avropa Liqasının Bakı finalı Azərbaycan dövlətinin, hakimiyyət strukturlarının, ictimai sektorun səmərəli, peşəkar fəaliyyətinin parlaq təsdiqi oldu. Qafqazın palmirası Bakı (ümumən Azərbaycan) göstərdi ki, 2020-ci ildə Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkl etmək və uğurla keçirmək gücümüz, bacarığımız daxilindədir.
Bayrağın uca olsun, əziz Vətən! Mənim könülm deyir ki, gün gələcək, belə tədbirləri Şuşada keçirəcəyik! Mənim könlüm deyir ki, gün gələcək,UEAFA Avropa Liqası finalında Azərbaycan klubu çıxış edəcək! Və o zaman biz o finalın keçirildiyi şəhərə, ölkəyə nifrətlə, oyunbazlıqla deyil, məhəbbətlə, sevgi ilə gedəcyik. Bəlkə bir qüsurları olacaqsa da, biz öz ərdəmimizi göstərəcəyik; göstərəcəyik ki, qüsur axtarmağa deyil, zövq almağa gəlmişik... O günə bugündən salam olsun!

FACEBOOK ŞƏRH YAZ