• Köşə

"Xəsil adam" - İlham Əzizdən yeni hekayə

1 852
10-07-2020, 20:10

BAKU.NEWS İlham Əzizin "Xəsil adam" hekayəsini təqdim edir.

Əkrəm Əylisliyə

Bu yaz gününə qədər Malik həyatını birnəfəsə yaşamışdı. İçində tərs əsən küləklərin dalınca qaçmışdı, qeyzini soyutmağa bəni-adəm tapmamışdı. Günəşdən xoş gün gəlmədiyindən ümidini küləklərə bağlamışdı. Bu yaz səhəri həmişə qalxdığı dikdirin təpəsinə çatanda arxadan kimsə kürəyinə toxundu...

***

Ömrünü birnəfəsə yaşadığı vaxtlarda Malik gündüzlər indi unutduğu həsədlərini qısnayar, gecələr səhərə kimi arvadına tamaşa eləyərdi. Arvadına baxanda gah sevinirdi, gah da qüssələnirdi, gah dərindən nəfəs alırdı, gah da nəfəsini ciyərindən zorla çəkib çıxarırdı. Arada yatağın aşağı tərəfinə sürüşürdü, ayaqlarını cütləyib dabanını Minayənin dabanına tən qoyurdu, bu vaxt görürdü ki, başı Minayənin başından bir dirsək aşağı düşdü. Minayənin başı yastıqda qaldı, öz başı döşəkdə. Tez sürünüb başını Minayənin başıyla yanaşı qoyurdu. Otaqda başqası olmasa da, bu vəziyyəti heç Allahın da görməsini istəmirdi. Həmin həngamə hər gecə davam edirdi. Ara sıra Minayə dirsəyi ilə Maliki dümsükləyirdi:

“Ədə, nə aşağı yuxarı sürüşürsən? Yat da!”

Sonra iri dalını Malikə tərəf çevirirdi, o yandan Malik görünməz olurdu.
Bu həngamə boşuna deyildi. Məsələsi vardı. Özüylə Allah arasında olan bir məsələ. Boyu balaca idi. Təkcə boyu yox, arzuları, istəkləri, hirsi, qovğası, hətta kölgəsi də balaca idi. Onu ən çox yandıran kölgəsi idi, səhər-axşam, nə vaxt kölgəsinə boylansa, qanı qaralırdı. Hirsindən təklikdə kölgəsinə təpik atıb söyürdü də. Hündür ağaclara baxıb köks ötürürdü, kollara nifrət edirdi, özünü kola-kosa oxşadırdı.
Malik qədər içində Allahla danışan olmazdı. Axı, niyə mən? Kənd-kəsəkdə məndən balaca ins-cinsi yoxdu.

Hər gün kəndin qırağında kolxozun arpa zəmilərinin sahilində qoyun quzu otarırdı. Tərslikdən bu zəmilər də xəsillik idi.
Malik xəsilin içinə uzanıb danışırdı. Deyirdi, siz də mən gündəsiz, sizi də arpa olmağa qoymurlar, boyunuz bir qarış olan kimi verirlər qoyunun, keçinin cənginə.
İmkanı olsaydı, alardı bu yerləri, qoymazdı heyvan otarmağa, xəsilləri arzularına çatdırardı, arpa olanacan baxardı onlara, alardı qisasını bu balacalıqdan. Yaşılın göyərməsinə, göyün saralmasına baxıb ürəklənərdi.

Arada ata-anasının qəbrinin üstünə də gedərdi, gözünün ucuyla qəbirləri ölçərdi, dəqiqləşdirmək istəyərdi ki, bu bəstəlik hansından miras qalıb. Qəbirlər də eyni boyda. Bir şey anlamazdı, sonda ikisini də ürəyində günahkar çıxarıb mırtdana-mırtdana qayıdardı evə.

Malikin min dərdindən biri də uşaqlarla yanbayan gedə bilməməsiydi. Görərdin məktəb uşağı sel kimi gəldi, yolu basdı, Malik də qarışıdı bu selə. Gendən heç fərqlənməzdi. İçində uşaq sevinci yaranıb əl-qol atmaq, balacalara qoşulub qaçmaq istəyəndə yaxalayardı özünü. Cəld seldən qurtulmaq istəyən adam təhəri özünü bu uşaq çayının sahilinə atar, uzaqlaşardı ki, görüb gülən olmasın. Malik ömrünü bu rişxənd dolu baxışlardan, gülüşlərdən yayınmaqla keçirirdi.

Evlənməyi də bir ayrı müsibət idi. Sevgisinə məhəl qoyan olmamışdı, əmisi can dərdi elçi getmişdi. Onu da düz-əməlli yarıtmamışdı, Malikin gözü uşaqlıqdan Minayənin balaca bacısı Sarıteldəydi. Gecə-gündüz Sarıtelin qarasına danışıb, ürəyində gah qızla dalaşır, gah da barışırdı. Malik əmisinin o qədər vecinə deyildi ki, elçiliyə gedəndə heç bilmədi hansı bacıya müştəri düşüb. Sarıtelin atası Əvəzxan da fürsətdən istifadə edib, yaşı otuzu adlamış Minayəni əlüstü verdi Malikə.

İş işdən keçmişdi, Malikin dərdi deyiləsi, danışılası deyildi. Razılaşmışdı Malik, elə boyunun balacalığına razılaşdığı kimi. Amma içində fəryad etmişdi, bir ara quruyub çöpə dönmüşdü. Minayə də bu işdən halı idi, amma onu da bilirdi ki, Sarıtelin müştərisi başının üstündədi, özünə gün ağlamalıdı.

Malikin oğlu olandan yarası qaysaq bağladı. Ta uşaq əsgərliyə, müharibəyə gedənəcən.

Aman-zaman bir oğlu vardı. Xoşbəxtlikdən uşaq boyda arvad tərəfə çəkmişdi; boylu-buxunlu, yarlı-yaraşıqlı. Elə bircə bu məsələdə Malik Allahdan razıydı. Özünün əvvəldən bəxti gətirməmişdi, yetim böyümüşdü. Əmi qapısında bir qarın ac, bir qarın tox. Camaatın uşağı on beş, on altı yaşında atalarının əvəzinə toylara gedirdi, yeyib içirdi, mahnı istəyib oynayırdı. Malik ta evlənənəcən nə toya çağırılmışdı, nə də toyda oynamışdı, elə mağarın yırtıq yerindən baxmışdı toyxanaya. Dünya Malikə elə o mağar yırtığı qədər sevinc bəxş eləmişdi. İçində yanıb-yaxılsa da, dərdini deməyə kimi kimsəsi olmamışdı.

Dostu da yox idi. Boyuna görə uşaqlıqdan Maliki yaxına buraxmazdı tay-tuşları. Uşaqlar bölüşəndə aralıqda qalardı, tərs kimi say da nəhs olardı, Malikin ümidi kiminsə zədələnməyinə qalardı.

Şükür edirdi ki, oğlu bu məsələlərdə də özünə çəkməmişdi. Xeyli dostu, yoldaşı vardı. Can deyib, can eşidirdilər, Malik də baxıb qürrələnirdi. Çalışırdı uşağın dostları ilə xoş rəftar eləsin. Birdən oğlundan küsərlər, o da Malik kimi tək qalar bu gen dünyada.

Malikin ən böyük arzusu Həmzənin toyun görmək, bu toyda oğul atası kimi mikrofon götürüb xeyir dua vermək, “Qudalar”a oynamaq idi. Hər gün içində məşq edir, ara-sıra Minayəni də bu söhbətə qatırdı. Elə həmin gün də, günlükdə Malik Minayənin dəmlədiyi çayı özü boyda daş stəkandan qurtumlaya-qurtumlaya başladı:

- Allah qoysa Həmzənin istədiyi qızı bilim, bir dəm-dəstgahla elçi, nişan, toy edəcəm ki, gəl görəsən!

- Neyləyəcəksən, nəyin var ki, özündən belə çıxırsan?

Bu söhbət Maliki açmadı, ürəyində dedi, indi səni əfi ilan kimi çalım, sən də bax:

- Ən azından öz istədiyi qızı alacam, elçiliyini düz edəcəm.
Bu sözlər Minayəni cin atına mindirdi, yerindən dik atılıb elə yırğalandı ki, donun üstündəki güllər az qaldı tökülüb yerlə bir olsun. Malik uzunçuluq eləmədi, söhbəti burda kəsdi. Kəsdi ki, bu gün sabah uşaq əsgər gedir, birdən Minayə qanqaraçılıq salar, ürəyində tutduğu işləri görə bilməz.

Uşaq əsgər gedəndə əldən ayaqdan getmişdi, yaxşı stol açmışdı. Çalğıçılar çağırmışdı, səhərəcən yeyib içmişdilər, deyib gülmüşdülər. Malik inanmışdı ki, hər şey düzəlir, oğul böyüdüb əsgər yola salır. Özü də hiss edirdi ki, uşaq gedəndən Maliki görcək bir-birnə göz vuranlar azalmışdı, bəlkə də heç yox idi.

Hərdən düşünürdü ki, nə olsun hündür ağaca deyil, kola oxşayır, elə kol var ki, meyvəsi ağacınkından dadlıdı, gözəldi. Malik də qalan ömrünün hər saatını, hər dəqiqəsini oğlu Həmzəyə hesablayırdı.
Boyuna görə əsgərdə olmamışdı, elə hərbdən söz düşəndə lağ eləməsinlər deyə, tez uzaqlaşardı o adamlardan. Həmzə müharibəyə gedəndən ürəyi buz kimiydi, qorxmurdu Malik. İndi oğlu müharibəyə getməklə hamıdan Malikin qisasını almışdı.

Ta ki, o qara qışın qar vaxtına qədər. Havanın ölü danışdıran vaxtı qara maşın gəlib düz Malikin evinin qabağında durdu. İçindən zülmət adamlar düşdü, qara-qara danışdılar, Malik qulaq asdı, heç nə anlamadı, heç nə duymadı. Qapqara qaraldı, qara qışdan da, qara maşından da seçilmədi. Yeri göyü bir-birinə bağlayan bir ümidi vardı, səhəri səhər, gecəni gecə eləyən bir rəngi vardı...
Utanmaz-utanmaz deyirdilər, erməni gülləsinə tuş gəlib, şəhid olub, bir azdan qayıdacaq evinə möhkəm ol.

İnandı Malik, inandı ki, bu müsibətə kənddə elə o layiqdi. Minayə də gəldi durdu Malikin yanında, səsi çıxmadı. Minayənin paltarındakı güllər də soldu, üzünə bəhərsiz bağların qüssəsi çökdü. Bir də xəsillik gəldi gözünün qabağına, gördü ki, yayın cırhacırında qar, çovğun vurub, bir qarış boyların yerlə bir edib.

Gecə səhərə kimi gözünü qırpmadan uzandı Həmzənin uzun taxta evinin yanına, baxdı oğlunun uzun boyuna, bilmədi ağlasın, bilmədi fəxr eləsin. Səhər adamlar çoxaldı, vay-şüvənlə aldılar tabutu çiyinlərinə, düzəldilər üzü qəbiristanlığa. Malik də çiynini vermək istədi tabutun altına, boyu çatmadı, əllərini qaldırdı, tabutu başı üstündə çələng kimi tutdu. Göstərə-göstərə qaytardı Allahın verdiyi payı özünə.

Çatdılar qəbirə, Malik çökdü, əsgərlər düzüldülər, avtomatların tuşladılar göyə, yaylım atəşi açdılar. Malikə elə gəldi ki, avtomatın lüləsindən çıxan güllələri Həmzənin dostları Allaha atır, avtomatın darağı kimi hirsi boşaldı, soyudu Malik.

O qış o hadisədən sonra kənddə bir də heç kim gülmədi. Malik qorxurdu ki, bu qara buz əriyər, çiliklənib tökülər, hərə bir ayrı sifətdə çıxar buzun altından. Canına üşütmə düşdü.

Uşağın müsibətindən sonra Malikin evinə ağsaqqal-qarasaqqal ayaq açdı, təskinlik verdilər. Həmzənin dostları da gəlirdilər.

Malik ən çox elə Həmzənin dostlarının gəlməyini istəyirdi. Hər dəfə bir bəhanəylə onları evinə çağırırdı. Uşaqlarla hər şeydən danışır, az qala hər işlərindən xəbər tuturdu. Elə Həmzənin dostları da isinişmişdi Malikə. Toya, yasa Maliklə gedirdilər.

Toyda Həmzənin dostlarıyla yallı gedəndə ayaqlarının ucunda şütüyürdü ki, uşaqların əli boşa düşməsin, Həmzənin yeri dolsun. Sevgililərindən danışırdılar, tay-tuşları kimi inciyib, küsüb, barışırdılar Maliklə. Hərdən dilləri dolaşıb Malikə Həmzə deyirdilər. Sevinirdi Malik.

***

İndi bu yaz səhəri kimsə arxadan Malikin çiyninə toxunanda həmən çönüb baxmadı. Gözlərini üfüqə zillədi. Sonra iki addım da atıb dikdirin təpəsinə çatdı. Dərindən köks ötürəndə içindən illərin nəfəsi çıxdı. Canı rahatladı. İndicə qazandığı təmkinlə geri baxdı, kölgəsindən başqa kimsəni görmədi. Kölgəsi göz işlədikcə uzanıb gedirdi. Malik başı kəndin ayağındakı yola çatan kölgəsini görəndə Günəşlə onun arasına girməkdən utandı. Səbirlə dikdiri enib evə sarı döndü.

FACEBOOK ŞƏRH YAZ