• Köşə

“Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.” - Əkbər Qoşalı yazır

2 121
26-10-2019, 17:42

Dünən Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi. Bu Zirvədən bir qədər öncə paytaxt Bakı Türk Zirvəsinə evsahibliyi etmişdi. Qoşulmama Hərəkatı Zirvəsinin keçirildiyi gün isə KİV-də məlumat yayıldı ki, Azərbaycan Beynəlxalq Astronavtika Konqresininə evsahibliyi etmək üçün seçilib. Doğrudur, Bakının evsahibliyi edəcəyi 73-cü Konqres hələ 2022-ci ildə keçiriləcək və heç şübhəsiz, o vaxtadək ölkəmizdə müxtəlif janrlı başqa beynəlxalq tədbirlər də düzənlənəcək (necə ki daha öncə də digər tədbirlər düzənlənib) və biz onu demək istəyirik ki, Bakı (ümumən Azərbaycan), necə deyərlər, öz mərkəzi rolunu arasıkəsilmədən davam etdirməkdədir.

Məlumat üçün deyək ki, Beynəlxalq Astronavtika Federasiyası hər il qlobal kosmik ictimaiyyəti bir araya toplayaraq, konqreslər təşkil edir. 70-ci Konqres bu il Vaşinqtonda baş tutub. Əlbəttə, Beynəlxalq Konqresə evsahibliyi edəcək ölkə Federasiyanın müəyyən tələblərinə cavab verməlidir. Yalnız onu deyək ki, son illərdə, bu beynəlxalq tədbir 4500-dən çox (!) iştirakçı cəlb edib.

Onu da əlavə edək ki, sözügedən Konqresə evsahibliyi etmək üçün finalda 4 namizəd – Azərbaycan (“Azərkosmos”), Hindistan (Hindistan Kosmik Tədqiqat Mərkəzi), Sinqapur (Kosmik və Texnologiya Assosiasiyası), Braziliya (Braziliya Kosmik Agentliyi) olub.)

***
BMT Baş Assambleyasından sonra üzv dövlətlərin sayına görə ən böyük (!) beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşü, heç şübhəsiz, yalnız bizim üçün deyil, hətta yalnız üzv ölkələr üçün də deyil, ümumən dünya miqyasında önəmli hadisədir. Hərəkatın yüksək səviyyədə təşkili, Azərbaycan qonaqpərvərliyinin bir daha parlaq təcallası, mənə elə gəlir, Hərəkatın tarixinə unudulmaz günlər bəxş etdi; Hərəkat üzvləri artıq bir “Bakı modeli”ndən danışa, gələcəkdə onu tətbiq edə bilər.

Hərəkata sədrliyin Azərbaycana keçməsi bizimçün daha bir yüksək tribuna, yeni bir beynəlxalq platforma qazandırdı. Azərbaycan Prezidentinin sədrliyilə bu Hərəkatın rəhbərliyində intellektuallığı, kübarlılığı özünəməxsus şəkildə artıracaq, Hərəkata üzv olmayan ölkələrlə, digər qurum və quruluşlarla səviyyəli dialoq, anlaşma, uzlaşma imkanlarını təmin edəcəkdir. “Qoşul-mama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir.” – Bu, Hərəkatın yeni sədri olan bizim prezidentin sözləridir.

Qoşulmama Hərəkatının 120 üzvü var. Respublikamız Qoşulmama Hərəkatına 2011-ci ildə üzv qəbul olunub. Hərəkata üzv olduğumuz 8 il ərzində Azərbaycan beynəlxalq hüququn normalarına, prinsiplərinə sadiq olmaqla yanaşı, bu kateqoriyalı beynəlxalq dəyərləri əzmlə mü-dafiə edib, ona görə də, Azərbaycan Prezidentinin dediyi kimi, böyük nüfuz qazanıb. – “Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm.

…Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əmək-daşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.”

Heç kəsə sirr deyil ki, Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycan həqiqətlərini yaymaq, o cümlədən dünyanın diqqətini torpaqlarımızın işğalı faktına cəlb etmək baxımından, habelə müxtəlif məsələlərə Azərbaycan dövlətinin münasibətini bir daha açıqlamaq etibarı ilə daha bir imkan idi; dövlətimiz haqlı olaraq, bu imkandan ən universal formada yararlandı. – “Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.

…Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir.” (İlham Əliyev, Azərbaycan Prezidenti)

Dövlət başçımızın respublikamızın 2005-ci ildən etibarən doxsandan çox ölkəyə humanitar və texniki yardım göstərdiyini deməsi, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə edilməsi, habelə qrant proqramları və digər sahələrdə layihələr həyata keçirməsini vurğulaması, ölkəmizin malik olduğu maddi və mənəvi resurslar barədə təsəvvürləri gücləndirmiş oldu.
Elə başa düşürəm, bu minvalla biz Qoşulmama Hərəkatı üzvləri arasında həm yeni yatırım ünvanları, həm də ölkəmizə turist axını qazanacağıq.

Heç şübhəsiz, bu qazanımlar, önəmli dərəcədə son 15 il ərzində Azərbaycan iqtisadiyyatı-nın sürətlə inkişafı sayəsində mümkün olacaq. Bəlli olduğu kimi, cənab İlham Əliyevin prezi-dentliyi dövründə ÜDM üç dəfədən çox artıb. Ölkəmizə 270 milyard dollardan artıq (!) yatırım qoyulub ki, bunun da yarısı xarici yatırımdır.
Cənab Prezidentin dediyi kimi, “Azərbaycanın müstəqil xarici siyasəti milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırmışdır.”

Beləliklə, ölkəmiz daha bir beynəlxalq tədbirdən alnı açıq çıxdı, başarı əldə etdi. Bu, dövlətimizin növbəti uğurudur. Bu, xalqımızın baş ucalığıdır, öz dövlətimizlə qürur duymağımız üçün daha bir əsasdır. Bu, dünya birliyində daha üst mövqelərə keçid üçün zəmindir. Bu, işğalçı Ermənistan hakimiyyətinə Soçi nidası, Aşqabat siyasi şilləsinin ardınca, Bakı yumruğudur və əl-bəttə, davamı olacaq!

FACEBOOK ŞƏRH YAZ