• İqtisadiyyat

"Qarabağımızın hər qarşının bu gününü, sabahını sığortalamağı arzu edirik"

1 449
21-12-2020, 17:14

Sığorta sektoru maliyyə dayanıqlığının və iqtisadi təhlükəsizliyin təmin edilməsi yollarından biri olmaqla, sosial müdafiə zəncirinin əsas halqasını təşkil edir və bir növ ehtiyatlılıq tədbiridir. Qədim dövrlərdən etibarən sığorta mexanizmi bu və ya digər formada hər bir ölkədə tətbiq edilməkdədir. Yəni gözlənilməz hadisə baş veriyi zaman və bu hadisənin nəticəsi mənfi olduğu halda dəyən zərərin minimallaşdırılması sığortanın başlıca mahiyyətini təşkil edir. Sığorta sistemi tətbiq edildiyi ilk gündən etibarən məhz bu prinsip ilə işləyir – “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün”.

BAKU.NEWS xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev deyib.

O bildirirb ki, əhali tərəfindən sığorta sisteminə olan konspiroloji meyillər, eyni zamanda konservativ yanaşma tədricən aradan qalxmaqdadır. Xüsusilə də, Azərbaycan Prezidentinin ötən il 28 noyabr tarixində imzaladığı sərəncamla maliyyə bazarlarına nəzarət funksiyasının Azərbaycan Mərkəzi Bankına həvalə edilməsi nəticəsində cari il ərzində sığorta sektorunda canlanma yarandı. Qeyd olunan dövrdən etibarən sektorda müşahidə olunan dinamika sığorta bazarı ilə bağlı dövri olaraq açıqlanan icmal göstəricilərində də əyani olaraq özünü biruzə verir.

Dövlət başçısının sığortaya xüsusi həssas yanaşma tərzi və keçirdiyi hər müşavirədəki çıxışlarında səsləndirdiyi davamlı inkişafa hesablanmış tezisləri sektor üçün əsaslı bir yol xəritəsi təşkil etmişdir. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə  bildirirdi ki, Azərbaycanın sığorta sektorunda ciddi boşluqlar var və mövcud vəziyyətin sağlamlaşdırılması üçün maarifləndirmə qaçılmazdır: “Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir”.

Qeyd olunan tapşırıqlar 2020-ci il üçün verilirdi. Çünki o andan etibarən ölkənin maliyyə bazarları, xüsusilə də sığorta sektoru üçün yeni bir inkişaf mərhələsi başlayırdı. Nəticədə Azərbaycan Mərkəzi Bankı yeni nəzarətedici orqan kimi sektorun alt requlyativ instansiyaları olan Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu ilə balanslı əlaqələrin qurulmasına və bununla da güclərin səfərbər edilməsinə nail oldu. Ələxüsus da məhz möhtərəm prezidentin çağırış və tapşırıqlarına adekvat fəaliyyət strategiyası müəyyənləşdirdi. Azərbaycan Mərkəzi Bankı tərəfindən xüsusi incəliklə hazırlanmış və lokal sığorta bazarında maarifləndirmə, stimullaşdırma və sağlamlaşdırma istiqamətlərinin dominantlıq təşkil etdiyi bu strategiyanın tətbiqi sektorun 2019-cu ildə sığorta yığımlarındakı uğursuzluğunu unutdurmağa başladı. Revanş qələbəsi ümumi yığımlara dinamika qazandırmaqla yanaşı, həm də sığortaçıların fəaliyyətini stimullaşdırdı, bazar aktivliyi təmin olundu.

Real inkişaf dinamikasını rəqəmlərlə şərh etsək deyə bilərik ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin cari ilin yanvar-oktyabr aylarına olan icmal göstəricilərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə könüllü sığororta bazarı 12%, icbari sığorta bazarı isə 5.3% böyüyüb. Yığımlardakı dinamikaya nəzər salsaq, 2020-ci ilin yanvar-oktyabr aylarında sığorta yığımları 628.3 miyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57.8 milyon manat və ya 10.1% çoxdur.

Xüsusilə də COVID-19 pandemiyasına baxmayaraq qazanılmış bu uğur heç də təsadüfi deyil. Çünki məhz ölkə rəhbərliyi tərəfindən təmin edilən sosial-iqtisadi inkişaf modeli və baş verə biləcək staqnasiya vəziyyətinə qarşı əvvəlcədən atılmış priventiv addımlar nəticəsində yerli sığorta bazarı dünyəvi pandemiyadan neqativ yöndə qismən təsirlənsə də, böyükmiqyaslı zərərlərdən yan keçə bildi. Pandemiyanın sığorta sektoru üçün yaratdığı baryerlər nəticəsində bu istiqamətdə maarifləndirmə işlərinin daha geniş arealda aparılması prosesi bir qədər ləngimiş oldu. Lakin hesab edirik ki, post-pandemiya dövründə Azərbaycan Mərkəzi Bankının birbaşa istiqamətləndirmələri ilə Azərbaycan Sığortaçılar Assosiasiyası sürətli maarifləndirmə tədbirləri nəticəsində məqsədinə ən qısa zamanda nail olacaqdır. Çünki sığorta maarifləndirilməsi ilə bağlı icrasını gözləyən əhəmiyyətli sayda hazır layihələrimiz mövcuddur.

Qarşıda bizi daha böyük sınaqlar, uzun bir inkişaf yolu gözləyir. Sevindirici haldır ki, son 10-15 il ərzində sığorta bazarı inkişaf mərhələsini yaşamaqdadır. Hər ötən il bazar həcmi nominal olaraq böyüyür. Lakin ölkənin gəlirlilik səviyyəsini nəzərə alsaq sektor üzrə mövcud ümumi və növlər üzrə ayrı-ayrılıqda penetrasiyanın səviyyəsində minimallıq hələ də qalmaqdadır. Sektor üzrə penetrasiyanın ən az 2-3 dəfə yüksəldilməsi üçün  sahibkarlar arasında sığorta maarifləndirilməsinin həyata keçirilməsi, vətəndaşların sığortaya olan marağının daha da artırılması, bununla paralel olaraq, sığortaçıların mövcud potensialdan tam şəkildə istifadəsinin təmin edilməsi qarşıdakı dövr ərzində Azərbaycan Sığortaçılar Assosiasiyası üçün prioritet hədəf indikatorlarını təşkil edir.

Azərbaycanın 30 ilə yaxın erməni işğal altında olan əzəli və əbədi əraziləri azad edildi. İlk olaraq bu münasibətilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevi, müzəffər və qalib Azərbaycan Ordusunu və əziz xalqımızı ürəkdən təbrik edirəm. Vətənimizin hər qarışı dəyərli olduğu kimi, həm də ölkənin inkişafı üçün yüksək potensial vəd edir. Bu potensial təbii ki, sığorta sektoru üçün də keçərli və önəmlidir. Azərbaycanın işğaldan azad edilmiş əraziləri bundan sonra inkişaf edəcək, orada infrastruktur qurulacaq, yeni bir Qarabağ yaradılacaq. Bu da hər bir sahəyə olduğu kimi, sığorta sektoruna da öz töhfəsini vermiş olacaq. Biz istəyirik ki, həmin ərazilərdə infrastruktur qurularkən, ərazilər yenidən bərpa olunarkən sığorta xidmətlərinin orada tətbiq olunmasına da hansısa bir formada dövlət dəstəyi və ya nəzarəti həyata keçirilsin. Çünki sığortanın başlıca predmeti riskdir. Ətrafımızdakı mövcud və potensial risklər də qaçılmazdır. Bu risklərin doğru dəyərləndirilməsi üçün ən optimal təminat mexanizmi də elə məhz sığorta sistemidir. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, yerli sığorta bazarı iştirakçıları məsələyə məhz vətənpərvər nöqteyi-nəzərdən yanaşaraq Qarabağımızın hər qarşının bu gününü, sabahını sığortalamağı arzu edir. Çünki Azərbaycanın sığorta bazarı bu günə qədər inkişaf mərhələsində idisə, otuz ilə yaxın işğal altında saxlanmış ərazilərimizin azad edilməsi ilə biz yeni inkişaf mərhələsinə qədəm qoyuruq.

Assosiasiya olaraq hesab edirik ki, sabahın sağlam iqtisadiyyatı sığortalı gələcəkdən asılıdır. Məhz bu gerçəyə dayanan bir realıq var - lokal sığorta bazarında qlobal inkişaf tendensiyası yalnız mövcud və potensial sığortalı kontingenti sosial məsuliyyətin əhəmiyyətini iqrar etdiyi zaman gerçək olur. Bu günün gerçəyi isə sabahın sığortasıdır.

FACEBOOK ŞƏRH YAZ