• İqtisadiyyat • Sosial • Texnologiya

Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı planlaşdırır

47
19-09-2019, 16:24

2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırmaq əsas hədəflərdəndir.

BAKU.NEWS xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı, təqribən, 8%-dir.

P.Şahbazov vurğulayıb ki, Azərbaycan Prezidentinin tapşırığı ilə ölkənin inkişafı, əhali artımı, sənayeləşmə prosesi nəzərə alnmaqla 2025-ci ildə elektrik enerjisinə tələbatın 25-28 mlrd. kilovat/saat, elektrik enerjisinin ixrac imkanının isə 1,8 milyard kilovat/saat həcmində olacağı proqnozlaşdırılıb: “Bu tələbatı bu günlərdə istismara verilən qoyuluş gücü 400 МVt olan “Şimal-2” stansiyası, istilik və modul tipli elektrik stansiyalarının reabiltasiyası və Qobuda ümumi qoyuluş gücü 385 МVt olan modul elektrik stansiyasının 2020-2021-ci illər ərzində quraşdırılması hesabına qarşılamaq mümkün olacaq. Tələbatın qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpa olunan enerji mənbələri hesabına ödənilməsi planlaşdırılır. İstilik və modul tipli elektrik stansiyalarının reabiltasiya tədbirləri nəticəsində, ən azı 500 MVt gücün bərpası nəzədə tutulur”.

Nazirin sözlərinə görə, Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7546 MVt-dır: “İri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü isə 1276 MVt-dır. Bu da ümumi gücün 17%-ni təşkil edir. Elektrik enerjisinin 92%-i təbii qazdan əldə edilir”.

P.Şahbazov xatırladıb ki, cari ilin 8 ayı ərzində elektrik enerjisinin istehsalı, təxminən, 15 milyard kilovatt-saatdan çox olub: “Bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3% artıb. İxrac isə 29,1% artaraq 913,3 milyon kiovatt-saat olub. İdxal 102 milyon kiovatt-saat təşkil edib. Elektrik enerjisinin istehsalının ötən ilə nisbətən bu il 3,6 % çox, yəni 26,1 milyard kilovatt-saat, 2020 və 21-ci illərdə isə müvafiq olaraq 8 % artacağı proqnozlaşdırılır”.

FACEBOOK ŞƏRH YAZ