• İdman

Alpaqut üzrə IV Azərbaycan kubokunun qalibləri müəyyənləşib

5 180
21-10-2019, 08:35

Qazax Olimpiya İdman Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku uğrunda yarışlar keçirilib.

Azərbaycan Alpaqut Federasiyasının mətbuat xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin illik təqvim planına uyğun olaraq keçirilən yarışda bütün yaş qrupları üzrə ölkənin 30-dan artıq komandasını təmsil edən 300-dən çox idmançı gücünü sınayıb. İdmançılar alpaqut idman növünün aypara, batur, caymaz və qurşaq sistemləri üzrə medallar uğrunda mübarizə aparıblar.

Yarışın nəticələrinə görə, komanda hesabında aypara sistemi üzrə Suraxanı, Ağdam, Nizami rayonunun komandaları ilk üç yeri tutublar. Batur sistemi üzrə Şəmkir, Laçın, Zərdab, caymazda Binəqədi, Mingəçevir, Kəlbəcər, qurşaq sistemi üzrə isə Qazax, Laçın və Şəmkir komandaları fərqləniblər.

Qaliblər diplom, medal və kubokla mukafatlandırılıblar.

Məlumat üçün bildirək ki, “Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut döyüş sənətinin yarış qaydaları dörd sistemdən- aypara, batur, caymaz və qurşaqdan ibarətdir.

Alpaqut türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezləşdirilməsi ilə yaradılıb.

FACEBOOK ŞƏRH YAZ