• Gündəm • Mədəniyyət

Dili və qulağı tutulan xalq artistini nə xilas etdi? - Tanrı möcüzəsi

172
11-03-2019, 19:42

Bu gün mərhum aktyor, xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür.

Baku.News xatırladır ki, Bəşir Səfəroğlu 1925-ci il martın 11-i Bakıda anadan olub. Yeniyetmə vaxtlarından kiçik intermediyalarda, birpərdəli tamaşalarda rollar oynayıb. 1941-ci ilin sonlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə kontuziya alıb. Dili tutulduğu və qulaqlarında karlıq yarandığı üçün cəbhədən qayıdıb. Bir müddət fəhlə, yük maşınının sürücüsü kimi çalışıb.
Bəşir müəllimi ağrıdan dəhşətli müharibədə aldığı travma yox, teatrdan uzaq düşməsi idi. O, hər gün Musiqili Komediya Teatrının qarşısında dayanıb, həsrətlə bu binaya baxırmış.
Bir dəfə rejissor Niyaz Şərifov onu görüb teatra dəvət edir. Əvvəlcə tamaşaçı kimi burada yer alan Səfəroğlu sonralar kütləvi səhnələrin aktyorlarından biri kimi fəaliyyətə başlayır. Çox keçmir ki, onun teatr sevgisi möcüzəyə səbəb olur. Belə ki, yuxusunda səhnəyə yararsızlığını görüb bərk həyəcanlanan Bəşir Səfəroğlunun dili də, qulaqları da açılır və əsl möcüzələr bundan sonra başlayır.
Çox nadir aktyorlar bir rolu, obrazı ilə adını tarixə yazdıra bilir. Bəşir Səfəroğlu da belə sənətkarlardandır. O, cəmi 7 filmə çəkilib. Daha doğrusu, həyat ona məhz 7 filmlik möhlət verib. Bu rollardan ən məşhuru “Ulduz” filmində canlandırdığı Gülümsərovdur.
Aktyor “Aygün” (1960), “Qəribə əhvalat” (1960), “Əhməd haradadır?” (1963), “Yun şal” (1965), “Yaşamaq gözəldir, qardaşım!” (1966), “Nəsrəddin Xocanın 12 məzarı” (1966) kimi filmlərdə də rol alıb.
Sənət uğurlarına görə 1964-cü ildə Azərbaycanın əməkdar artisti, 1968-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülən Bəşir Səfəroğlu 1969-cu ildə, cəmi 44 yaşında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.
Bu gün onun sənətini qızı, xalq artisti Afaq Bəşirqızı davam etdirir.

FACEBOOK ŞƏRH YAZ