• Köşə • Gündəm

Uzaqda gürünən şəhər - Etibar Toğrul yazır

2 329
23-07-2019, 13:24

Orada bir şəhər var. Yandırılmış, talanmış, tüstüsü və ahı səmaya ucalan şəhər...

Bizimdə bir şəhərimiz var idi... Vaxt var idi ki, bizim səhərlərimiz həmin şəhərdə açılardı... Vaxt var idi ki, dünyanın ən gözəl, ən varlı şəhərləri ilə muqayisə edilirdi bizim şəhər...

Biri vardı, biri yox...
Uzaqda görünən şəhər... Yandırılan, tüstüsü ərşə çəkilən şəhər... Bir zaman o şəhər bizim idi. Bir zaman o şəhərə bəd niyyətlə gələn papağını və atın qoyub qaçardı. Çox yadları atan salan şəhər, indi sahibsiz qalıb. Sahibsiz qəribsəyən və bütün dünyada təklənən şəhər... Bir zamanlar əzəməti, vuqarı dünyaya bəlli olan və buna görə də dünyanın gözü götürmədiyi şəhər... Bu şəhər düz beş il ədalətsiz dünya ilə döyüşdü. Nəhayət, qeyri bərabər gedən bu döyüşdə ifliz vəziyyətə salındı. Bununla da ürəkləri soymadı. Taladılar, yandırdılar bu şəhəri. Səmasın da qaratdılar ağ şəhərimizin...

Biri vardı, biri yox...
Uzaqda görünən o şəhərin bir zamanlar oz dünyası və o dünyanın yazılmamış qanunları, adət, ənənələri var idi... Böyük bir imperiyanın daxilində öz qanunları ilə yaşayan yeganə şəhər idi. Bax o şəhər bizim şəhər idi... Bəli, idi...
Uzaqda görünən o şəhərin yazılmamış qanunlarından biri və elə birincisi ağsaqqal sözünün önəmli ölması idi. Ən mürəkkəb söhbətləri ağsaqqalın bir kəlməsi tamamlayardı. Hər nəslin, hər qəbilənin öz ağsaqqalı olardı. Ancaq, bütöv şəhər əhlinin bir vahid ağsaqqalı var idi. O ağsaqqalın bir kəlməsini iki eliyən, onun fikri qarşısında fikir bildirən olmazdı. Bu ağsaqqal üzündən nur yağan, imanı, ibadəti, ədaləti, səxavəti ilə nəin ki, həmin şəhərdə hətta şəhərdən çox-çox uzaqlarda da hörmət qazanmış Seyid Lazım Ağa idi...
Ən özündən deyən, təkəbbürlü insanlar belə Ağanın fikirin qarşısında başqa fikir söyləyə bilməzdilər. Qəribə hal bilirsizmi nədir..? Hər kəsə məlumdur ki, nə o vaxt, nədə indi insanların heç də hamısı dindar, imanlı və seyidlərə inanan olmur. Həmçinin o şəhərdə də heç də hamının qəlbində din, iman sevgisi və Allah xofu yox idi. Ancaq, o şəhərin sakinlərinin demək olarki, hamısı - alimi də, nadanı da, elmlisi də, savadsızı da, mömini də, kafiri də, məmuru da, fəhləsi də, təkəbbürlüsü də, sadəsi də, cinayətkarı da, narkamanı da, sakit həyat yaşayanı da, bir sözlə hamı üçün Ağanın sözü qanun idi. Bu yerdə bir olmuş əhvalatı xatirlamaq istərdim.
Günlərin bir günü, o şəhərin bir sadə sakini, bir imkanlı və olduqca təkəbbürlü bir kışınin qızını ailə qurmaq məqsədi ilə qaçırdır. Bu hərəkət qız atasının şəsdinə dəyir. Ona görə də, nə yolla olur olsun qızını geri gətizdirmək və həmin oğlanı həbs etdirmək istəyir. Bu söhbət Ağaya çatir və O oğlan evinin ağsaqqalları ilə birlikdə qız atasının qapısına gedir. Qızı qaçan gündən bəri bu qapıya minnətə gələnləri evinə belə burağmayan qız atası həyət qapısında Ağanı görcək özünü itirir. Dərhal Ağanın qarşısına gələn qız atası:- Ağa, xoş gəlmisən, gələn qədəmlərinə qurban olum - deyə bildirir.
Ağa ondan - Filənkəsin oğlu sənin qızını qaçırdib? - deyə sual edir.
Qız atası, başını tərpədərək - bəli - deyir.
Ağa nurlu çöhrəsi ilə gülümsəyərək buyurur:
- Mən deyirəm, bu gəncləri Allah xöşbəxt eləsin. Allah xeyr versin. Sən nə deyirsən?
- Siz xeyr - dua verəndən sonra, mən nə deyə bilərəm, Ağa.
Beləcə, iki nəsil arasında az qala düşmənçilik yaratmış bu qız qaçırtma məsələsi toyla başa çatir.
Öz dünyası olan həmin şəhərin yazılmamış qanunlarından biri bax bu idi...

Biri vardı, biri yox...
Uzaqda görünən şəhərdə çoxlu sayda tarixi tikililər və abidələr var idi. Bunlardan biri də, şəhər cümə məscidi idi... Bu məscid Kəlbəlayı Səfixan Qarabağı adlı memar tərəfindən 1868-1870-ci ildə tikilmişdi.
Bu məscid Sovet rejimi vaxtında da şəhərin inanclı insanlarının üzünə açıq olub. Bütün qadağalara baxmayaraq Aşura günlərində insanlar axın-axın bura gələrək Kərbəla şəhidlərinə həsr olunmuş təciyədə iştirak edir və nəzir-niyaz paylayırdılar.
İmperıyanın bütün qayda və qanunları bu şəhərdə tam icra edilmədiyi kimi, Sovet rəhbərliyinin dini qadağalara aid qərarları da, bu şəhərin sakinləri tərəfindən qəbul olunmurdu. Bu şəhərin öz qanunları və dini azadlıqları var idi. Bu qanunlara və dini azadlıqlara qarşı çıxmaq heç bir nəticə vermirdi. Çünki, şəhər əhalisi öz yazılmamış qanunlarına və dini azadlıqlarına əməl edirdilər.

Biri vardı, biri yox...
Uzaqda görünən şəhərdən çox saylı şəxsiyyətlər çıxib dünya məkanına. Bu şəhərdə dünyaya gəlmiş bir çox dəyərli insanlar, sonradan dünya çapında tanınnıblar. Öz ziyaları və əməlləri ilə qaranlıq tunellərə işıq salıblar...
Belə, ziyalılardan biri də, dünya şöhrətli alim, vətənpərvər İNSAN Xudu Məmmədovdur. Ziyalı deyəndə, insanın gözləri önünə Dədə Xudunun siması gəlir. O, öz nuru, əməlləri və fikirləri ilə ziyalılığın siması idi.
"Ömür yadda qalan günlərlə ölçülür"- deyən Dədə Xudu çox yaşamadı. Ancaq mənalı yaşadı. Əqidəsinə, vicdanına ləkə salmadan yaşadı... Hər kəsə qismət olmayacaq, bir ömür yaşadı.
Uzaqda görünən şəhərin başı üzərini qara buludlar alanda üsyan səsini qaldırdı. Canından çox sevdiyi Vətənini nələr gözlədiyi, başına nə müsübətlər gələcəyini uzaqgörən fəhmi ilə duyurdu. Elə ona görə də, Vətən boyda sevgi gəzdirdiyi ürəyi dözmədi... Zəlimxan Yaqub demiş:
Şəhidlər sıralandı,
Birinci Xudu getdı...

Bəli, uzaqda görünən şəhərin simvollarından biridir Dədə Xudu... Həmdə, bu şəhərin vizit kartıdir Xudu Məmmədov...

Biri vardı, biri yox...
Uzaqda görünən şəhərin yetirmələri arasında Xudu Məmmədovdan başqa da çox saylı alimləri, ziyalıları olub. Həmin elm adamları öz sahələri üzrə bir çox elmi uğurlara imza atmaqla yanaşı, həmdə öz ziyaları və nurlu əməlləri ilə cəmiyyətdə fərqlənən şəxsiyyətlər olublar.
Bunlardan, qeyri-səlis nəzəryə üzrə tanınmış alim, Böyük alim Lütvüzadənin tələbəsi, professor Rafiq Əliyevi, fəlsəfə elmləri doktoru, professor mərhum Ziyəddin Göyüşovu, iqtisadiyyat elmləri doktoru, professor mərhum Teymur Vəliyevi, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovu, tarix elmləri doktoru, professor Rəşid Göyüşovu, fizika-riyaziyyat elmləri doktoru İkram Kərimov, hüquq elmləri doktoru, tarix elmləri doktoru, professor Cəmil Quliyev, professor Kəmalə Sarıcalinskaya, tibb elmləri doktoru, akademik Adilə xanım Namazovanı, tarix elmləri doktoru, professor Adil Baxşəliyevi, tekniki elmlər doktoru, professor Natiq Cavadovu, tarix elmləri doktoru, professor Şirxan Səlimovu və digərlərini xüsusi qeyd etmək olar.
Bu alimlər, tək Azərbaycanda deyil, bütün dünya çapında tanınmış ZİYAlılardı. Bunların hər biri uzaqda gürünən şəhərin fəxrı və qüruru olublar.

Biri vardi, biri yox...
Uzaqda görünən şəhər elm adamlarından başqa tanınmış pedaqoqların, təhsil işçılərinin də Vətəni idi... Müəllimlər müəllimi, uzaqda görünən şəhərdə ilk məktəb yaradan Mirzə Davud Ağamirzəyev, Mirzə Abbas Gülablı, Abbas bəy İsmayılbəyov, Səfərəli bəy Vəlibəyov, Cabbar bəy Vəlibəyov, Məmməd Məmmədov, Əli Eyvazov, Zülfüqar Səfərəliyev, Surxay Qurbanov, Kamilə Ağdamskaya, Qara Hüseynov, Karlar Mikayılov, Kəriş Quliyev, Knyaz Quliyev, Mərqüfə Ağamirova və digərləri bu şəhərdə təhsilin inkişafında böyük xidmətləri olub. Bunlar, tək müəllim, pedaqoq yox, həmçinin nurlu əməlləri ilə sevilən və seçilən ziyalı olublar.
Uzaqda görünən şəhərdə bir birindən yaraşıqlı orta məktəblər var idi. Bəli var idi...O məktəblər heç zaman nömrələrlə tanınmazdı. O məktəblər drektorların adları ilə tanınardı... Surxay müəllimin məktəbi, Əli müəlimin məktəbi, Süleyman müəllimin məktəbi, Knyaz müəllimin məktəbi və sair... Tələbkar direktor və müəllimlərin hesabına idi ki, o məktəblərin hər biri nümünəvi təhsil ocaqları idi. O məktəblərin yetirmələri nəinki həmin şəhərdə, hətda respublikada tanınmış insan olublar.
Uzaqda görünən şəhərin bütün sahələrində olduğu kimi, məktəblərində də yazılmamış qaydalar hökm sürərdi...Müəllimlər ideal insan kimi sevilərdi, böyük kimi hörmət, ehtiram olunardı...
Doğma şəhərlərindən uzaqlaşandan sonra öz pedaqoji fəaliyyətlərini davam etdirən ziyalılardan Tünzalə Vəliməmmədova, Hüseynalı Hüseynov, Hacıağa Əliyev, Leyla Bağırova, Cəmilə Qasımova da uzaqda görünən şəhərin həsrəti ilə ömür sürürlər.
Sələflərinin müqəddəs əməllərini, işıqlı yollarını davam etdirəsi gənc pedaqoqların sayı təəssüflər olsun ki, bu gün çox azdı. Ancaq, az da olsa var... O, var olan gənc pedeqoqlardan Zərif Mehtiyevanın, Fəqani Səfərovun, Arzu Mövsümovanın adlarını xüsusi qeyd etmək yerinə düşər. Çünki bu gənc pedaqoqlar rəhbərlik etdikləri məktəbi indiki ağır şəraitdə və zor şərtlər altında nümunəvi təhsil ocağı kimi inkişaf etdirə bilirlər.

Biri vardi, biri yox..
Uzaqda görünən şəhər öz dərin fikirlərini, poetik düşüncələrini böyük ustalıqla kağıza köçürdüb oxucularına çatdıran şair və yazıçıların, publisistlərin doğma yurd yeri idi. Əlfi Qasımov, Bayram Bayramov, Famil Mehdi, Şahmar Əkbərzadə, Xudu İbrahimoğlu, Əli Əmirli, publisist-jurnalistlərdən Şamil Ağayev, Zərifə Ağayeva, Bəbir Hüseynov, Surxay Əlibəyli, Sarvan Ağayev və digərlərinin ruhları Ağdam səmasında qərar tutub.
Bu gündə uzaqda görünən şəhərin həsrəti ilə yazıb, yaradan jurnalistlər Elşən Əliyev, Salman Alıoğlu, Qələndər Xaçınçaylı, şair Qulu Ağsəs, gənc və istedadlı yazar, ədəbiyyat aləmində bir ulduztək parlamaqda olan Türkan Turan üçün də həmin şəhər doğma yurd yeridir.

Biri vardi, biri yox..
Uzaqda görünən şəhər həm də istedadlı, talantlı və Allah tərəfindən verilmiş xüsusi bacariqlı insanlarin doğma Vətəni olub. Bunlardan Qurban Pirimovun, Aşıq Valehin, Aşıq Nəcəfqulunun, Əbülfət Əliyevin, Səxavət Məmmədovun, Sara Qədimovanin, Qədir Rüstəmovun, bu gün də öz səsləri ilə səhnəmizi fəth etməkdə olan xalq artistləri Arif Babayevin, Mənsüm İbrahimovun, Aygün Bayramovanin, Nəzakət Teymurovanın, əməkdar artistlər Təyyar Bayramovun, Sevinc Sarıyevanin adlarını xüsusi qeyd etmək istərdim.
Uzaqda görünən şəhərin mayasi muğamla yoğrulub. Bu şəhər Tanrıya daha yaxın olduğu üçün, Tanrı bu şəhərdə doğulanlara daha çox istedad bəxş etmişdi. Qədir Rüstəmovun heç bir müsiqi təhsili olmasa da, lakin Tanrıdan gələn vergi ilə oxuyurdu. Onun səsə İlahi bir möcüzə idi. Qədir Rüstəmov Tanrının dili ilə oxuyurdu... Bu səsi Yaradan bu xalqa lütv olaraq göndərmişdi.

Biri vardi, biri yox...
Uzaqda görünən şəhər elm, təhsil, mədəniyyət, incəsənət, sənətkarlıq və ticarət mərkəzi olduğu kimi, həmdə tibbi mərkəz idi. Qonşu rayon və şəhərlərdən insanlar bu şəhərə gələrək tibbi müayinədən keçib müalicə olunurdular. Uzaqda görünən şəhərdə tibbin bir çox sahələrini əhatə edən bir neçə xəstəxana və dispanserlər fəaliyyət göstərirdi. Burada həm bu şəhərin sakinləri, həmdə başqa yerlərdən gələn insanlar müayinə və müalicə olunurdular.
Bu şəhərin tibb müəssisələrində savadlı, bacarıqlı tibb mütəxəssisləri insanların sağlamlığı keşıyində dururdular. Bu şəhərdə müxtəlif vaxtlarda insanlara xidmət göstərmiş ağ xələtli mələklərdən bəzilərinin adlarını xüsusi hörmətlə qeyd etmək istərdim. Qulu Qasımov, Soltan Eyvazov, Fərhad Bəxtiyarov, İsrayil həkim, Raisə Qarayeva, İbni həkim, Taryel Eyvazov, Gülnar Abbasova, Fəridə həkim, Asif Qədirov, Tofiq Zeynalov, Tofiq Bayramov, Tofiq Qədirov, Yunis həkim, Ruxsarə Əliyeva, Mahir Qurbanov və digərləri uzaqda görünən şəhərdə həkim kimi insanların xidmətində durublar və insanların yaddaşlarında yaşayırlar...

Biri vardi, biri yox...
Uzaqda görünən şəhər həmçinin bir çox sənət və sənətkarları ilə də məhşur olub. Dəmirçilik, boyaçılıq, xarratlıq bu şəhərdə geniş yayılmış peşələrdən idi. Bu peşələr ilə məşğul olan şəxslər nəinki uzaqda görünən şəhərdə, bütün bölgədə tanınmış sənənkarlar idilər.
Uzaqda görünən şəhərin son illərində ən qədim peşə olan dabbaxlıq (dəri aşılamaq) sənəti bu şəhərin Seyfulla və Yasir adlı sakinləri (hər ikisi dünyasın dəyişib) tərəfindən min bir əziyyətlə bərpa edildi. Bu sənət, əsasən qoyun dərisinin aşılanması və boyanması usulu ilə koja materyal hazırlamaqdan ibarətdir. Materyal tam hazır olduqdan sonra isə, dərzilər bundan dəri gödəkçələr tikərdilər. Həmin dəri gödəkçələr tək o şəhərin bazarında deyil, Bakının, hətda Rusiyanın şəhərlərındə də satılırdı. Az bir müddət ərzində həmin şəhərdə hazırlanan və tikilən dəri gödəkçələr Rusiya bazarlarında geniş alıcı kütləsi qazandı.

Uzaqda görünən şəhərin minlərlə zəhmətsevər sakini məhz bu peşənin müxtəlif sahələri ilə məşğul olaraq, özlərinə yaxşıca gün-güzaran düzəltdilər. Kimlərsə, müxtəlif rayonlara gedib qoyun dərisi alıb gətirərək, dəri aşılayanlara satmaqla məşğul idilər. Bir qisim şəxs öz həyətlərində mini sexlər yaradaraq dərini hazır məhsul halına gətirirdilər. Çox saylı dərzilər hazır məhsulları alaraq dəri gödəkçələr tikməklə məşğul idilər. Bir qrup şəxs, dərinin aşılanmasında istifadə olunan bir neçə adda kimyavi dərmanların, dəri gödəkçələrin tikilməsində istifadə edilən materyal və əşyaların alveri ilə məşğul idilər. Bir qrup insan isə tikilən dəri gödəkçələri dərzilərdən alaraq Bakı və Rusiya bazarlarına aparıb satırdılar. Bu şəhərin yazılmamış qanunlarına görə isə, bu sahədə heç kim, heç kimin "bazarına" girməzdi. Hər bir işin öz peşəkarları var idi. Məhz ona görə də, hər kəs məşğul olduğu işin bəhrəsin görürdü. Nəticədə isə bu şəhərdə kasıb insan olmazdı...

Biri vardi, biri yox...
Uzaqda görünən şəhərdə xüsusi dadı olan meyvələr yetişərdi. Ləziz dadı olan narın ən gözəli bu şəhərin Şelli adlı kəndində idi. Bu gün Göyçay narı blent mal sayılır. Ancaq dünyanın düz vaxtı Şelli narından dadanlar, etraf edirlər ki, o nar Göyçay narından da ləzətli idi. Nardan başqa tutun ləzizi uzaqda görünən şəhərin Ətyeməzli kəndində, üzümun ən şirini Novruzlu kəndində, gilasin ən dadlısı Qiyaslı kəndində, dadına görə Quba almasından heçdə geri qalmayan ətirli alma Qərvənd kəndində yetişərdi. Bəli yetişərdi... İndi isə dadından doyulmayan nemətlər yetişdirən o şəhər bizdən uzaqdadır. Artiq o torpaqda o nemətlər yetişmir. Çünki, o müqəddəs torpaq, o şəhər murdar ayaqlar altindadır. Cənnət meyvələrınin dadın verən o meyvələr isə murdarlanmış torpaqda yetişməz.

Mənim ilk sevgim, ilk məhəbbətim... Mən səni sevərkən heç Tanrımı belə dərk etmirdim. Sevgi hissi nədir, mən onu ilk dəfə sənlə hiss elədim. Qoynunda dünyaya gəldiyim, qayğısiz uşaqlıq, yeniyetməlik, gənclik illərimi yaşadığım doğma şəhərim... Ümumiyyətlə ömrümün mənalı 20 ilini sənin həsrətin olmadan yaşadım. İndi artiq 26 ildirki, sənin həsrətinlə baş başa "yaşayıram"... Daha doğrusu, yaşaya-yaşaya ölürəm, ölə-ölə yaşayıram...
Mənim uzaqda görünən şəhərim... Səni sevdiyim qədər heç nəyi, heç kimi sevə bilmədim. Səni sevdiyim qədər Tanrımı sevsəydim, Yaradanım məni çoxdan cənnətlə mukafatlandırmışdı..

Sənin qoynunda tək bircə gecə keçirmək üçün, ömrümün qalan hissəsini gözümü qırpmadan qurban verərəm. Onsuzda səndən ayrı mənə xöşbəxtlik yoxdu... Səninlə olduğum vaxt bircə an keçirdiyim sevinc hissini son 26 ildə keçirməmişəm.
Mənim uzaqda görünən şəhərim, həsrətin nə yaman uzun oldu???

Mənim sevincim, nənim səadətim, mənim ilk sevgim uzaqda görünən şəhərlə qalıb. Səadət deyilən bir şey varsa əgər, mənim üçün orda qaldı.
Əlimi uzatsam, bəlkə də əlim çatar səadətimə və ilk sevgimə... Ancaq yox, çox uzaqdadir. İllər ötdükcə də uzaqlaşır o səadət məndən.
Səni sevdiyim qədər heç nəyi və heç kimi sevə bilmədim, mənim uzaqda görünən şəhərim. Mən Tanrını da sənin qoynunda dərk etdim və sənin qoynunda sevdim. Sən Tanrının şah əsərlərindən biri idin... Yaradanımı sənə bəxş etdiyi gözəlliklərlə dərk etdim. Səni Cənnət kimi qəbul etdim. Bəli, Tanrı yer üzünün insanlarına səni yaratmaqla Cənnəti təsvir edib. Ancaq mən o Cənnətə layiq olmadığım üçün, Tanrım məni sənin qoynundan qoparıb tamam başqa bir dünyaya atdı...

FACEBOOK ŞƏRH YAZ