• Gündəm • Cəmiyyət • Kriminal

Sabiq MTN əməkdaşının yenidən məhkəməsi başlayıb

193
11-03-2019, 11:34

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Baku.News bildirir ki, "Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra T.Rəcəbovun vəkili müvəkkili ilə yeni müqavilə bağladığını, cinayət işi ilə tanış olmadığını deyib və məhkəmədən vaxt istəyib.

Məhkəmənin hazırlıq iclası martın 14-də davam etdiriləcək.

T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qızıl biznesi ilə məşğul olan T.Rəcəbovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, T.Rəcəbov 1998-ci ildən 2002-ci ilə qədər MTN-də çalışıb.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq, istintaq dövründə müvəkkilinə qarşı kobud qanun pozuntular olduğunu bildirib. Vəkil cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib. Cinayət işi prokurorluğa qaytarılıb.

FACEBOOK ŞƏRH YAZ