• Gündəm • Cəmiyyət

Bakı-Tbilisi sərnişin qatarı ilə bağlı iddialara rəsmi münasibət

252
9-07-2019, 18:24

“Azərbaycan Dəmir Yolları” QSC dünən gecə saatlarında Bakı-Tbilisi sərnişin qatarında baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

QSC-dən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində dəmir yolunun Padar-Sığırlı mənzilində dünən gecə baş vermis hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

“Həmin məlumatlarda deyilir ki, guya hadisə yerində yanğın baş verib, sərnişinlər arasında ajiotaj yaranıb. Məlumat üçün bildiririk ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir”.

Qeyd olunub ki, 8 iyul 2019-cu ildə saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində 38 saylı Bakı-Tbilisi sərnişin qatarı hərəkətdə olarkən elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyanqəbuledicisi zədələnib, kontakt naqilində qopmalar baş verib:

“Təcili olaraq bərpa işlərinə başlanılıb, elektrovozun cərəyanqəbuledicisi və kontakt naqili müvafiq qaydaya gətirildikdən sonra qatar 9 iyun saat 02:10-da təyinatı üzrə yola salınıb.

Hadisə nəticəsində heç bir yanğın baş verməyib, xəsarət alan olmayıb, texniki qurğularda baş vermiş nasazlıqlardan başqa digər hallara yol verilməyib. Bakı-Tbilisi sərnişin qatarının hərəkətində iki saat ləngimə qeydə alınıb. Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir”.

FACEBOOK ŞƏRH YAZ