• Qarabağ • Gündəm

İşğalçının uğursuz format oyunu - Azərbaycanın sərt təpkisi nəticə verdi

340
8-03-2019, 10:18

Ermənistanın atəşkəsi süni surətdə uzatmaq taktikası özünə qarşı çevrilir.
ATƏT-in yeni sədrinin Azərbaycana səfərinin ardınca Minsk Qrupu həmsədrləri dərhal bəyanat yaydılar. Təxminən eyni gündə Avropa Birliyi rəsmiləri də Azərbaycan və Ermənistan rəhbərlərinin tezliklə görüşünün vacib olduğunu bildirdilər. Bundan əlavə, Brüsseldə erməni baş nazir Nikol Paşinyana birmənalı şəkildə anlatdılar və çağırış etdilər ki, Dağlıq Qarabağdakı rejimlə bağlı heç bir ön şərt irəli sürmədən yüksək səviyyəli görüşdə iştirak eləsin. Eyni prinsipial mövqe Bakıda ATƏT sədri tərəfindən sərgiləndi.
Başqa sözlə, Paşinyanın sülh danışıqlarının formatını dəyişərək, ora Xankəndini də əlavə eləmək səyləri fiasko oldu. Bu dəfə həmişəlik. Hərçənd bəzi analitiklərə görə, Nikol Paşinyan bu məsələdə öz məğlubiyyətini etiraf eləməmək, uğursuz durumda görünməmək üçün öz sərsəm və əsassız mövqeyini davam etdirməyə çalışacaq. Həm də o səbəbə ki, o, real sülh danışıqlarına, sadəcə olaraq, hazır deyil. Bu da o anlama gəlir ki, Paşinyan inqilab öncəsi öz xalqına verdiyi əsas vədləri tuta bilməyəcək. Söhbət hər şeydən öncə erməni xalqının rifah halının yaxşılaşdırılmasından gedir.
Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın Brüsselə səfəri çərçivəsində ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin danışıqlar prosesində iştirakı ilə bağlı səsləndirdiyi fikirlərə bir daha sərt münasibət bildirib. XİN-dən verilən məlumata görə, Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqların formatını dəyişmək arzusu ATƏT-in Minsk Qrupunun, xüsusilə də onun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin fəaliyyətini məhv etmək kimi nəzərdən keçirilə bilər.
“Danışıqların ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə təsdiq olunmuş formatını ATƏT-ə üzv ölkələrin konsensus qərarı olmadan dəyişmək qeyri-mümkündür. Xatırladırıq ki, həmin qərara əsasən Ermənistan və Azərbaycan münaqişənin tərəfləri, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər qismində çıxış edirlər. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinin yeni təfsirini axtarmaq üçün lüğət improvizasiyalarına vaxtını sərf etməsin. İllər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daxil olan hər bir kəs münaqişənin həlli planının aydın şəkildə müəyyən olunduğunu bilir və bunu qəbul edir”, - deyə XİN-dən vurğulanıb...

*****


Baku.News xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun mətbuata verdiyi açıqlamasına görə, Ermənistan necə ki, Serj Sərkisyan dövründə Dağlıq Qarabağ konflikti səbəbindən problemlər içində idi, Paşinyan dönəmində də elə həmin problemlər girdabında qalır.
“Bütün mitinqlər başladı, keçdi və qurtardı. Rusiya ilə yaxşı əlaqələr də başa çatır. Bəs iqtisadiyyatla nə etməli? Öz qonşularınla münasibətlərlə nə etməli? Düşünürəm ki, erməni cəmiyyəti tərəfindən Ermənistanın siyasətinin təzədən və ciddi şəkildə dərki öz-özlüyündə mütləq baş verəcək. Nikol Paşinyanı hələ çox məyusluqlar gözləyir”, - deyə eks-nazir əminliklə qeyd edib.
Azərbaycan və Ermənistan liderlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə planlaşdrılan görüşündən gözləntilərə gəlincə, Tofiq Zülfüqarov belə bir görüşün təşkili ilə bağlı ciddi problemlərin olduğunu düşünür.
“Azərbaycan prezidentinin Ermənistanın mövqeyini xarakterizə edən son bəyanatına diqqət eləmək lazımdır. Dedi ki, formal danışıqlar istəmir. Azərbaycan həmişə bəyan edib ki, real danışıqlar lazımdır, danışıq xətrinə danışıq bizə gərək deyil. Belə görüşlər heç kısi inandıra bilməz ki, danışıq prosesi gedir. Ona görə də mən hesab edirəm ki, bu görüşdən öncə nə təklif ediləcəyi, hansı bəyanatların veriləcəyi görüş faktının özündən daha vacibdir”, - deyə o, əlavə edib.
Doğrudan da, liderlər səviyyəsində görüş xətrinə daha bir görüş nəyə və kimə lazımdır, əgər indiyədək onlarla belə görüş heç bir nəticə verməyibsə? Əgər belə təmaslar sırf işğalçı tərəfin xeyrinə atəşkəs rejiminin uzanmasına xidmət edirsə, o zaman növbətçi təmaslardan imtina ən məqbul qərar olmazmı? Təcavüzkar ölkə sülhə hazır deyilsə, qoy onda müharibəyə hazır olsun - müharibənin onun üçün doğuracağı bütün fəlakətli nəticələri ilə birgə.

FACEBOOK ŞƏRH YAZ