• Gündəm • İdman

Güləş millimiz daha üç medal qazanıb Avropa ikincisi oldu

281
20-06-2019, 01:23

İtaliyanın Faentsa şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

BAKU.NEWS xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə millimiz daha bir qızıl medal qazanıb.

Bu, 45 kq çəki dərəcəsində yarışan Fərid Sadıqlıdır. O, finalda rusiyalı Danial Ağayevi vaxtından əvvəl tam üstünlüklə – 10:1 hesabı ilə məğlub edərək Avropa çempionu olub.

Laçın Vəliyev (-92 kq) isə finalda rusiyalı Məhəmməd Yevloyevə 0:6 hesabı ilə yenilərək gümüş medalla kifayətlənib.

Bürünc medalı isə Allahverdi Əliyev (-71 kq) millimizə qazandırıb. İlk görüşündə erməni Lyova Xaçatryana qalib gəlmiş Allahverdi bürünc medal uğrunda görüşdə rusiyalı Stepan Starodubtsevdən üstün olub – 3:1.

Beləliklə, qitə birinciliyində möhtəşəm çıxış edən yığmamız ümumilikdə üç qızıl, bir gümüş və iki bürünc medal qazanıb. Yığmamız bununla da 135 xalla Avropa ikincisi olub. Komandamız yalnız 178 xalla Avropa çempionu olan Rusiyadan geri qalıb. Üçüncü yeri isə 117 xal toplayan Gürcüstan tutub.

Xatırladaq ki, millimizin tərkibində dünən Məlik Əliyev (-48 kq) və Nihat Məmmədli (-55 kq) Avropa çempionu olaraq İtaliyada himnimizi səsləndirib. Xasay Həsənli (-65 kq) isə bürünc medala sahib olub.

Qeyd edək ki, artıq qadın güləşçilərin mübarizəsinə start verilib. Millimizdən Zenfira Həşimova (-43 kq) və Birgül Soltanovanın (-57 kq) bürünc medal qazanmaq şansı var.

FACEBOOK ŞƏRH YAZ