• Gündəm • Cəmiyyət

Azad Rəhimov: “Oyunlara demək olar ki, tam hazırıq”

123
11-06-2019, 16:00

Bu gün Milli Olimpiya Komitəsində iyul 21-də Bakıda başlayacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının sonuncu toplantısı keçirilib.

Azərbaycan Gənclər və İdman Nazirliyindən BAKU.NEWS-a verilən məlumata görə, toplantıda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və Təşkilat Komitəsinin üzvləri iştirak ediblər.

Yığıncağa eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və Əlaqələndirmə Komissiyasının üzvləri, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir, Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç, AOK-un idman şöbəsinin rəhbəri Piter Brül və AOK-un Antidopinq Komissiyasının İdarə Heyətinin üzvü Haydar Demirel qatılıblar.

Nazir Avropa ölkələrinin nümayəndə heyətləri rəhbərləri Bakıda salamlayaraq deyib ki, Azərbaycan Festivala tam hazırdır: “İnanmaq çətindir ki, düz bir il bundan əvvəl, biz sizinlə 15-ci Avropa Olimpiya Gənclər Festivalı ilə bağlı ilk müzakirələri aparırdıq. Bu gün artıq yarışların başlamasına 40 gün qalır. Əminliklə, ötən müddət ərzində hazırlıqla bağlı çox böyük işlərin görüldüyünü deyə bilərəm. Biz Oyunlara demək olar ki, tam hazırıq. Bu gün sizinlə bir daha görülmüş işlərə nəzər salacaq və ətraflı fikir mübadiləsi aparacağıq”.

Toplantı zamanı “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Əməliyyat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, statistikası, risklərin idarə edilməsi, marketinq kampaniyaları, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması və digər mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.

Əməliyyat Komitəsinin gördüyü hazırlıq işləri ilə tanış olaraq, Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki deyib: “Bakının qarşıdakı festivala hazırlığını son dəfə dəyərləndirib əminliklə deyə bilərik ki, paytaxt bu cür mötəbər yarışı qəbul etməyə hazırdır. Biz əminik ki, idmançılar və azarkeşlər yarışmaların mükəmməl təşkilatından razı qalacaq”.

Bakıda olduqları müddətdə Avropa Olimpiya Komitəsinin rəsmiləri Festivalın açılış və bağlanış mərasimlərinin keçiriləcəyi “Bakı Kristal Zalı”nda olan son hazırlıq işləri ilə də tanış olublar.

Qeyd edək ki, bu Əlaqələndirmə Komissiyasının sayca artıq üçüncü toplantısıdır, birinci toplantı 2018-ci ilin iyul ayında, ikinci isə 2019-cu ilin yanvar ayında baş tutub.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Azad Rəhimov: “Oyunlara demək olar ki, tam hazırıq”

FACEBOOK ŞƏRH YAZ