• Gündəm • Köşə

Uzaqda dolaşan ruh və qərib qəbir - Etibar Toğrul yazır

2 202
9-06-2019, 22:35

Uzaqda bir şəhər var... O şəhər vaxti ilə bizim olub. Öz gözəllikləri, özünəməxsus adət-ənənələri və qanunları ilə on minlərlə insanın doğma yurdu olub, o şəhər. Həmin şəhəri dünyanın “ən varlı şəhəri”, “Qarabağın toy otağı” da adlandırırdılar. Ağ evləri, zəngin bazarı, tarixi məscidi, kino-teatırı, dram teatırı, qonaqpərvər insanları, alimləri, yazıçıları, pedaqoqları, həkimləri, xanəndələri, incəsənət ustaları və nəhayət şəhid olmuş minlərlə igid oğulları ilə məhşur olub o şəhər...

Artiq 25 ildir ki, sözügedən şəhəri ruhlar şəhəri adlandırırlar. Çünki həmin şəhərdə 25 ildir ancaq ruhlar dolaşır. Şəhərin tarixi qəbrstanlığında uyuyan insanların və 25 ildə o şəhərin həsrəti ilə dünyasın dəyişərək qərib qəbrlərdə uyuyan insanların ruhları... O şəhərdə dolaşan ruhların sayı artdiqca, o şəhər bizdən daha da uzaqlaşır.

Bakının qəbrstanlıqlarının birində bir qərib qəbr var. O qərb qəbirin sahibinin ruhu isə artiq 7 aydır ki, o uzaqda görünən şəhərin səmasında dolaşmaqdadir. O ruhu xöşbəxt ruhlardan hesab etmək olar...

Yeddi ay öncə Bakı qəbrstanlıqlarının birində bir qərib qəbrə ruhsuz bir cəsəd qoyuldu. Bununla da qərib qəbrlərin biri də artdı. Həmin qərib qəbrə ruhu bədəndən çıxan kimi doğma şəhərinin səmasında dolaşmağa başlayan, bu dünyadan həmin şəhərin həsrəti ilə köç edən, tanınmış jurnalist-publisist Əbulfət Mədətoğlunun təbirincə desək “Dözə bildikcə dözən” Surxay Əlibəylinin ruhsuz cəsədi qoyuldu. Gözlərinə həsrətində olduğu şəhərin torpağın tökə bilmədik. Çünki o həmin şəhərə dönüş gününə kimi dözə bilmədi... Artiq səbri tükəndi... O şəhər üçün o qədər göz yaşı axitdıkı gözünün biri də tutuldu. Artiq göz yaşı da tükəndi və “Mən getdim” – deyib, bir göz qirpımında ruhu bizləri və bu etibarsız dünyanı tərk etdi.

Bir gün əvvəl ziyarətinə getmişdim. Daha dəqiqi özü dəvət etmişdi... Görüşdük son dəfə, dərdləşdik son dəfə... Dedi: - Gedirəm...
Mən isə, gülərək: - Tələsmə, hələ getmək zamanı deyil – dedim.

Ancaq, onun ruhunun işğaldan azad olunması zamanı gəlmişdi. 25 il həsrətində olduğu şəhər işğaldan azad olunmasa da, Surxay Əlibəylinin ruhu azad oldu. Azad oldu və həsrətinə qovuşdu. İndi yandırılmış, talanmış doğma şəhərini seyr edir Surxay Əlibəylinin işğaldan azad olmuş ruhu...

***

Bir insanın canından çox sevdiyi yurdu işğalda olduğu zaman kəsiyində ruhu da işğalda olur. “O şəhər bizim şəhərdi, ancaq bizdən uzaqdadir...” – deyərək düşünən insanın ruhu canında üsyan edir. Azadlıq üçün çırpınır. Necə ki, Surxay Əlibəylinin ruhu 25 ildir canında çırpınırdı, üsyan edirdi...
Nəhayət ruhun üsyanına ürək dözmədi və bir sübh səhəri dayandı. Üsyan edən ruha azadlıq vermək üçün dayandı... Ruh isə elə bu anı gözlədiyi üçün uzaqda görünən şəhərə üz tutdu. Ruhların yaşadığı şəhərdə özünə yer tutdu Surxay Əlibəylinin ruhu...

Həmin şəhərin ən hörmətli şəxslərinin ruhları ilə görüşdü yeni gələn ruh. Xudu Məmmədovun, Şahmar Əkbərzadənin, Famil Mehdinin, Zeynal Məmmədovun, Qədir Rüstəmovun, Sədi Məmmədovun ruhları yeni gələn ruha ilk sözləri bu oldu: - Surxay, sən də dözə bilmədin?
Yeni gələn ruh isə: - Dözə bildiyim qədər dözdüm və nəhayət azad oldum. Nə xoş mənəki sizinlə bir yerdəyəm – deyə bildirdi.

Bu ruhun sahibi Surxay Əlibəyli adi bir jurnalist, adi bir yazar deyildi. Kənardan adi, sadə bir insan təsiri bağışlayırdı. Ancaq, onun yazdıqlarını oxuyan və qəlbinə bələd olan hər bir kəs onu böyük ürəyə sahib insan kimi tanıyirdı. Onun ürəyində böyük Türk millətinə, Vətəninə, işğalda olan yurd yerlərinə qarşı tükəmnəz bir sevgi yer almışdı. Onun qələmə aldığı yazıları oxuduqca bu sevgi dənizinə baş vurmaq olardı. O, qəlbindəkiləri yazıya köçürtməkdən çəkinməzdi. Onun necə bir türkçü, Elçibəy sevdalısı, Qarabağ həsrətlisi olduğunu yazılarından duymaq olurdu.

Onun ürəyinin dözə bilməyib, dayandığı 5 noyabr günündən bəri çoxlu sayda insandan eşitdiyim: - Surxay, tək sənin yox, mənim də qardaşım idi – kəlməsi, qardaş itkisinin qarşılığında böyük bir təsəlli oldu, mənim üçün.

Bu günlər ərzində onun haqqında yazılan yazılar, söylənilən fikirlər, möhtəşəm dəfn və hüzr mərasimi onu deməyə əsas verirki, Surxay Əlibəyli bu həyatda sözün həqiqi mənasında yaşayıb. Özündən sonra çoxlu sayda kitablar, minlərlə Vətən nisgilli məqalələr, gözəl fikirlər, unudulmaz xatirələr və nəhayət iki layiqli övlad qoyub getdi.

Mənim onunla bağlı xatirələrim çoxdu. Mən ta uşaqlıqdan Vətən sevgisi, millətçilik, türkçülük məfkürəsini ondan öyrənmişəm. Hələ Sovetlər rejimi dönəmində, "mən türkəm" - deyənlərin dilinin kəsildiyi vaxtda, bizim Ağdamdakı evimizdə lent vasitəsi ilə türk mahnıları səslənərdi. O vaxtı satışda olmayan bu lentləri Surxay Bakıdakı dostlarınin vasitəsi ilə gicli yolla əldə edərdi.

Heç vaxt yadımdan çıxmayacaq üç epizodu qeyd edim: Sovetlər vaxtı idi. Ermənistanin Türkiyə ilə sərhəddində hərbi xidmət keçmiş Surxay əsgərlik xatirələrini bölüşərkən, dediki, "Bir gün səngərdə dayamışdiq. Yanımdaki, rus əsgəri - birdən türk əsgəri sərhəddi keçib üstümüzə gəlsə nə edərsən - deyə sual etdi. Məndə üzümü rus əsgərinə tutub cavab verdim: - Həmin andaca silahı sənə çevirərəm. Türk qardaşıma atəş açası deyiləm ki? Rus əsgəri mənim cavabımdan şoka düşərək heçnə demədi."

Bu kiçik epizodu qardaşımdan eşitdiyim an, anladımki biz türkük. İndi "mən türkəm" demək çox asandir. Ancaq o dövrdə bu kəlməni nəinki dilə gətirmək, bu haqda düşünmək belə böyük cəsarət tələb edirdi.

Bir dəfə də, hələ mən uşaq idim, Bakıdan Surxayın universitet müəllimi olan, sonradan yaxın dostu olmuş rəhmətlik Əbülfəz Elçibəy və digər bir neçə nəfər Ağdama - bizə qonaq gəlmişdilər. O vaxtı hələ Əbülfəz bəy geniş kütlə tərəfindən tanınmirdi. Onu tanıyanlar isə, bir müəllim, ziyalı, bil millətçi fikir adamı kimi tanıyırdılar. Əbülfəz bəy öz yaxın çevrəsi ilə bizim evdə düzənlənən bir məclisdə iştirak edirdi. Həmin məclisdə, Əbülfəz bəy tost deyərkən belə bir ifadə işlətdi: - "Mən sizi əmin edirəm ki, yaxın illərdə Sovet rejimi çökəcək və Azərbaycan bir türk dövləti kimi yenidən bərpa ediləcək."

Həmin məclisdə iştirak edən bir neçə vəzifəli şəxs bu sözü eşidib, dərhal məclisi tərk etdilər. O dövrdə hər kəsin evində, hər kəsin məclisində belə ifədələr işlənməzdi. O azadlıq mühitini o evdə məhz Surxay qurmuşdu. Əbülfəz bəy isə harda olduğunu, kimin evində olduğunu və bu ev sahiblərinin hansı əqidəyə sahıb olduğunu çox yaxşı bilirdi.

Başqa bir xatirəm isə, yenə mənim uşaqlıq illərimlə bağlıdır. Bakıdan olan erməni əsilli şahmatçı Kasparov ilə rus şahmatçısı Karfov arasında yarış keçirilirdi. Bir neçə gün davam edən gərgin yarışın qalibi Azərbaycanı təmsil edən Kasparov oldu. Hər kəsin sevindiyi halda, Surxay: - "Mən istəmirdim Kasparov qalib gəlsin. Çünki bu qələbəyə ermənilər də sevinir."

Surxayın, həmin fikrindən sonra ermənilərin bizim tarixi düşmənimiz olduğunu dərk etdim.
Qeyd etdiyim elə bu üç fakt, Surxayın necə bir azadlıqsevər, millətçı və türkçü olduğunun bariz nümünəsidir.
Bax beləcə, türk olaraq doğuldu, türkçü və vətənpərvər ideyalarını mənimsədi. Ömrü boyu bu ideyalara sadiq oldu və doğma yurdunun həsrətinə dözməyərək, ürəyi dayandı, Surxay Əlibəylinin...

İndi 70 yaşı tamam oldu. Biz onun qərib qəbrini ziyarət edəcəyik, özü isə doğma şəhərində, doğma ruhlarının əhatəsində özü üçün yubiley keçirdir.
O yubileydə kimlər yoxdu..? Surxayın bir yaşından bəri onun doğum günlərini böyük sevinc hissi ilə gözləyən atamız Xasay kışı, anamız Suqra xanım, vaxtsız dünyasın dəyişən qardaşımız Ceyhun, onun dənizdə boğulmuş 15 yaşlı oğlu Toğrul, özünün saysız hesabsız dostları - Eldar, Allahverdi Bağırov qardaşları, Fred Asif, General Ərşad, Sabir Hüseynov, Sarvan Ağayev və daha kimlər bu gün Surxayın ətrafındadirlar. Ən çox sevdiyi xanəndə Qədir Rüstəmov isə "Sona bülbülləri"ni ifa edir.

Surxayın ruhsuz cəsədinin dəfn edildiyi qərb qəbrin üstündə isə ailəsi, qızı, bacıları və digər yaxınları ağı deyib ağlayacaq, dostları Surxaylı xatirələrə dalacaqlar.

Bu an Surxayın ən çox sevdiyi və dinləməkdən doymadığı zamanəmizin Füzulisi adlandırdığı Ramiz Rövşənin "Qara paltarlı qadın" şerini qəbr üstə gözə görünməyən bir mələk söyləyəcək. Mələklər adətən ağ lıbasda olurlar, ancaq Surxayın qərb qəbrini ziyarət edən və sevdiyi şeri söyləyən mələk qara libasda olur.
Qara libasdakı bu mələyin söylədiyi şer sanki Surxayın ruhuna sığal çəkərək, 70 illiyinə ərmağan edir...

Kişlər bir olmur, atam balası,
qorxağı var,
igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.
Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq?
Yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq.
Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb
deyəcəksən, İlahi,
İllər boyu ağlatdığım bu qadın
görən necə saxlayıb
bu qədər göz yaşını?!
Bircə kərə
nə saçını oxşamışam,
nə gözünü silmişəm,
Gözlərimə batır indi
saçlarının hər dəni.
İllər boyu
bu qadına mən axı dərd vermişəm,
İndi görən niyə çəkir dərdimi?!
Bu qadın
baş daşımı
öpüb sığallamaqdansa,
Yumruğuyla döysə, döysə yaxşıdı,
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.
Yeri, yeri, qara paltarlı qadın,
Kiri, kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi,
baş daşımı bəsdi basdın bağrına
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama!..


Ardı olacaq...

FACEBOOK ŞƏRH YAZ