• Siyasət • Qarabağ • Gündəm

Deputat Qarabağla bağlı Türkiyə KİV-lərinə səsləndi

260
1-03-2019, 09:49

Millət vəkili Qənirə Paşayeva Türkiyənin tanınmış televiziya kanallarında (CNN Türk, NTV, Kanal 24, TVNET) canlı yayımda qonaq olub.

Baku.News xəbər verir ki, deputat Türkiyə KİV-lərinə Xocalı həqiqətləri, Qarabağ problemi və Ermənistanın işğalçılıq siyasəti barədə danışıb.

Millət vəkili türk dünyasını Qarabağ həqiqətlərinin yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədə daha fəal olmağa çağırıb.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır öz yurd-yuvasından didərgin düşüb.

Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə də geniş məlumat verib.

Deputat vurğulayıb ki, rəsmi İrəvan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətə də toxunan millət vəkili vurğulayıb ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həlli üçün heç bir addım atmır:

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi işğalçının vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşür”.

Q.Paşayeva Türkiyənin bir sıra televiziya kanallarının rəhbər şəxsləri ilə d görüşüb və bu mövzulara daha geniş yer verilməsinin vacibliyindən danışıb.

Deputat həmçinin Türkiyənin bir sıra universitetlərində təhsil alan azərbaycanlı tələbələr və Türkiyənin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə də görüşüb.

FACEBOOK ŞƏRH YAZ