• Mədəniyyət • Gündəm

“Foto Kadr 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

610
1-10-2021, 15:38

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Gilavar Foto Klubunun “Foto Kadr 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində AZƏRTAC-ın fotomüxbirləri Roman İsmayılov və Tofiq Babayevə xüsusi diplom və sertifikatlar təqdim edilib.

BAKU.NEWS xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Gilavar Foto Klubunun həmsədri Dilavər Nəcəfov klubun yaradılmasında məqsədin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və imkanlarından istifadə etmək, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsilə tanıtmaq olduğunu vurğulayıb. D.Nəcəfov tədbirin baş tutmasında yardımçı olan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına, “ASAN” Könüllülər Təşkilatına, informasiya dəstəyi üçün Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və KİV nümayəndələrinə təşəkkürlərini çatdırıb.


Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavinləri İsmayıl İsmayılov, İntiqam Babayev, Prezident Administrasiyasının məsul əməkdaşı Ayşə Məhərrəmova, eləcə də müxtəlif qurumların mətbuat katibləri Gilavar Foto Klubunun fəaliyyətini yüksək dəyərləndirib, Azərbaycan foto sənətinin inkişafına verdiyi töhfəyə görə minnətdarlıqlarını diqqətə çatdırıblar. Qeyd olunub ki, fotomüsabiqələrin, bu cür tədbirlərin, mükafatlandırma mərasimlərinin keçirilməsi fotoqraflarda motivasiya yaradır.

Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev 2020-ci il ərzində görülən işlərlə bağlı hesabat xarakterli məruzə ilə çıxış edib. Qeyd edilib ki, 4 ilə yaxındır fəaliyyət göstərən fotoklub bir çox layihələrə imza atıb. Bu müddət ərzində klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP), Amerika Fotoqrafiya Cəmiyyətinin, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazələri ilə doqquz beynəlxalq fotomüsabiqə keçirilib. Bundan əlavə 3 yerli fotomüsabiqə təşkil olunub. Klub tərəfindən təşkil edilən beynəlxalq fotomüsabiqələrə dünyanın 80-ə yaxın ölkəsindən ümumilikdə 3200-dən artıq fotoqraf qatılıb. Ötən il klub tərəfindən “Azerbaijan Photo Salon 2020” və “Baku 2020” beynəlxalq fotomüsabiqələri keçirilib. Bu müsabiqələrdə azərbaycanlı fotoqraflar ümumilikdə 16 mükafat qazanıblar. Fotoların qiymətləndirilməsi beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində Azərbaycan, Misir və Şimali Makedoniyadan olan peşəkar fotoqraflardan ibarət münsiflər tərəfindən aparılıb.

Bildirilib ki, Gilavar Foto Klubunun üzvləri və eləcə də azərbaycanlı fotoqraflar mütəmadi olaraq beynəlxalq fotomüsabiqələrdə də iştirak edərək mükafatlar qazanırlar. Təkcə 2020-ci il ərzində fotoqraflarımız Azərbaycanın adına 66 beynəlxalq mükafat qazandırıblar. Ümumilikdə isə 2016-2020-ci illər ərzində FIAP himayəçiliyi ilə keçirilən fotomüsabiqələrdə azərbaycanlı fotoqraflar tərəfindən 258 mükafat əldə olunub. Onlardan 39-u qızıl, 23-ü gümüş, 21-i bürünc medallar, 137-si fəxri lent, 38-i diplom və sertifikatlardır.

Diqqətə çatdırılıb ki, azərbaycanlı fotoqraflar təkcə fərdi şəkildə deyil, eyni zamanda, klub şəklində də beynəlxalq foto aləmdə təmsil olunublar. Belə ki, bu il Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə 29-cu FIAP Rəngli Bienal adlı beynəlxalq fotomüsabiqə keçirilib. Fransada keçirilən müsabiqəyə dünyanın 42 ölkəsindən 1192 foto təqdim olunub. Azərbaycanı bu yarışmada 18 fotoqrafla Gilavar Foto Klubu təmsil edib. Peşəkar fotoqraflar tərəfindən Heydər Əliyev Mərkəzi (rəqəmsal) və Gimnast qızlar (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Fərdi qiymətləndirmədə Valeriy Xlızovun “Uçuş” (“Flight”) fotosu Fransa Fotoqrafiya Federasiyasının gümüş medalını qazanıb. Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə rəqəmsal kateqoriyada 6-cı sırada qərarlaşıblar. Onluğa düşən Azərbaycanı təmsil edən Gilavar Foto Klubu Beynəlxalq Foto Sənəti Federasiyasının Fəxri lentini qazanıb.

Qonaqların nəzərinə çatdırılıb ki, Gilavar Foto Klubu Beynəlxalq Foto Sənəti Federasiyasının üzvü və bu təşkilatın Azərbaycan üzrə təmsilçisidir. Adıçəkilən təşkilat dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Azərbaycandan 7 fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına layiq görülüb. Bu il daha bir fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adını almağa namizəddir.

Klubun həmsədri Rəşad Mehdiyev bildirib ki, Gilavar Foto Klubu bu ildən başlayaraq “Azərbaycan Press Foto” – “İlin Press Fotosu” adlı müsabiqəyə start verib. “Azərbaycan Press Foto 2020” adlanan ilk belə müsabiqəyə 2020-ci il ərzində çəkilmiş fotolar qəbul olunub. Yarışmaya 17 press fotoqraf tərəfindən 229 foto təqdim edilib. Pandemiya şəraiti ilə əlaqədar olaraq dörd mövzu üzrə yetərincə foto təqdim olunmadığından yalnız xəbər, xəbər seriya, gündəlik həyat və portret mövzuları üzrə qaliblər təyin edilib. Hər mövzu üzrə üç qalib seçilib. Yekunda fotojurnalist Famil Mahmudbəylinin 44 günlük Vətən müharibəsi zamanı Tərtər rayonunda çəkdiyi foto “İlin Press Fotosu” seçilib.

Eyni zamanda, klub tərəfindən həyata keçirilən digər layihələr barədə də məlumat verilib. Qeyd olunub ki, 2020-2021-ci illərdə klub tərəfindən 3 layihə həyata keçirilib. Onlardan ikisi dünyanı cənginə alan pandemiya dönəmində əzmlə çalışan KİV nümayəndələrinin şəxsi fotolarından və pandemiya zamanı azərbaycanlı fotoqraflar tərəfindən çəkilmiş fotolardan ibarət “Koronavirus” və “Koronavirus 2” adlı virtual sərgilər olub. Sonuncu layihə isə “Müharibənin acısını çəkənlər” adlanıb. Layihə 44 günlük Vətən müharibəsi zamanı çətinlikləri və həyatı üçün təhlükə riskini göz önünə alaraq peşə fəaliyyətini davam etdirən, həmçinin qələmini, kamerasını silaha dəyişərək döyüşlərdə iştirak edən media nümayəndələrinə həsr olunub.

Mərasimdə “Foto Kadr 2018” və “Foto Kadr 2019” tədbirlərindən, “Azerbaijan Photo Salon 2020” fotomüsabiqəsində qalib gəlmiş fotolardan ibarət videoçarxlar nümayiş olunub. Sonra Gilavar Foto Klubu tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların, eləcə də “Azərbaycan Press Foto 2020” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub.

Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görə CBC Azərbaycan Televiziyası və Azpress.Az xəbər saytı Gilavar Foto Klubu tərəfindən plaketlərlə təltif ediliblər. Bundan əlavə, ötən ilin dekabr ayında Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanmış fotoqraflara həmin qurumun xüsusi diplomları və döş nişanları təqdim edilib.

FACEBOOK ŞƏRH YAZ