• Cəmiyyət • Gündəm

“Fatehlər” kitabının təqdimatı olub

22
24-09-2021, 15:55

YAP Sabirabad rayon təşkilatında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza həsr olunmuş “Fatehlər” kitabının təqdimatı olub.

BAKU.NEWS xəbər verir ki, YAP Sabirabad rayon təşkilatının inzibati binasında keçrilən tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan YAP Sabirabad rayon təşkilatının sədri

Məleykə Ağayeva bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Zəfərimizi şəhidlərimiz öz qəhrəmanlıqları ilə təmin etdi və xalqımız onların unudulmaz xatirəsini əbədi yaşadır və yaşadacaq. Bu 44 günlük Vətən müharibəsi bütün dünyaya səs salmış, xalqımızın, ordumuzun gücünü, iradəsini, haqq işini nümayiş etdirmişdir. Savaş gedən günlərin hər biri bizim üçün böyük tarixdir. Oğullarımızın şəhidliyi nə qədər ağırdırsa, zəfər yürüşünün nəticələri bir o qədər qürurvericidir. Onların qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u ilə Azərbaycan Ordusu düşmənin belini qırdı və xalqın intiqamı alındı.

Bu yaxınlarda başlamasının bir illiyini qeyd edəcəyimiz Vətən müharibəsində Sabirabadın yüzlərlə qəhrəman övladı döyüşə atılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə sabirabadlı gənclər də Vətən uğrunda səfərbər oldular, Qarabağ uğrunda Suqovuşandan Şuşayadək Zəfər yolu keçdilər. I Qarabağ müharibəsində Sabirabad rayonu 225 şəhid və 6 itkin vermişdisə II Qarabağ müharibəsində 45 sabirabadlı şəhadətə yüksəldi, 147 nəfər isə yaralandı. Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir, vətənpərvərlik örnəyidir. Təqdimatına yığışdığımız “Fatehlər” kitabı da məhz bu amalın, bu niyyətin nəticəsində meydana gəlib.

Daha sonra Filalogiya Elmlər Doktoru, Professor, “Fatehlər”adlı kitabın təsisçisi Əlizadə Əsgərli çıxış edərək kitabın ərsəyə gəlməsi haqqında məlumat verdi və bildirdiki, Şəhidlərimiz haqqında kitab yazmaq, onlara abidə ucaltmaq böyük əhəmiyyət kəsb edir.  Biz bu gün sakit və firavan yaşayırıqsa, şəhidlərimizə borcluyuq.

Təqdimatda çıxış edən Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyevin atası Telman Mirzəyev, Sabirabad RİH-nin Vətən müharibəsi iştrakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev, Sabirabad rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev, Sabirabad rayon Balvar kənd orta məktəbin tarix müəlliməsi Nurlana Xəlilova, Şəhid Fərid Hüseynovun anası Minə Hüseynova və Fizika Elimlər doktoru, Professor, “Fatehlər” kitabının redaktoru və ön söz müəllifi Suma Sakitqızı və başqaları çıxış edərək nəşrin əhəmiyyətini yüksək qiymətləndirdilər. Vurğulandı ki, bu gün dövlətimiz şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına diqqət və qayğı göstərir, onların sosial müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görür.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş Sabirabad rayonundan olan 45 şəhidin əziz xatirəsinə həsr olunmuş videorolik təqdim olunub.

Tədbirdən sonra Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid ailələrinə ehsan süfrəsi verildi.

FACEBOOK ŞƏRH YAZ